Ötən gün "Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində Bakıda Yunanıstan təmsilçisi "Olimpiakos”u qəbul etdi. Bundan öncəki, səfər matçında yunanları 3:0 hesablı məğlubiyyətə uğradan Qurban Qurbanovun komandası Bakıdakı matçdan qolsuz bərabərliklə ayrıldı.
Matçla bağlı Azərbaycanın tanınmış mütəxəssislərindən olan Bəxtiyar Musayev fikirlərini Qaynarinfo-ya bildirib, komandanın çıxışını dəyərləndirib:
"Qarabağ” yaxşı mənada başından dəfələrlə böyük işlər görür. Tarixi olan, Avroliqada, Çempionlar Liqasında çıxış etmiş klublara qarşı gözəl oyun nümayiş etdirirlər. Oyun baxımından sadəcə qol çatmırdı. Əsasən də ilk hissədə "Qarabağ” möhtəşəm çıxış etdi. "Olimpiakos”, demək olar, 3-4 ötürmə belə edə bilmirdi. Çünki "Qarabağ” dərhal təzyiq edib topu alırdı və hücumlarını davam etdirirdi. Qurban Qurbanovun da dediyi kimi, "Qəbələ” səfərindən sonra bir qədər yorğunluq hiss olunurdu. Kadi də "Qarabağ” üçün önəmli futbolçudur. Onun zədələnməsindən sonra, ikinci hissədə hücumlar daha aqressiv olmadı. Düşünürəm ki, Qəbələ səfəri olmasaydı, "Qarabağ” istədiyi nəticəni əldə edə bilərdi. Bir xal da normaldır. Yaxşı oldu ki, "Nant” da "Frayburq”a məğlub oldu. Ona görə də "Qarabağ” ən azı Konfrans Liqasını təmin edib. Bir daha təbriklərimi çatdırıram. Avroliqanın pley-offuna çıxmağa bir addım qalıb. İnşallah bunu həyata keçirməklə bizi sevindirərlər. Bunun üçün "Nant”la heç-heçə kifayət edir. Belə desəm, "Qarabağ” kiçik möcüzələr yaradır. Dominantlıq edir, böyükhesablı qələbələr qazanır. Bunlar hamısı oyuna görədir. Yəni, təsadüfi deyil. Çünki bu klubların çempionatları da bizimkindən fərqlənir. Neçə vaxtdır izləyirəm, deyirlər ki, "Qarabağ” Bakıda da 4:0, 5:0 hesablı qələbə qazanmalıdır. Xeyr, belə deyil. Borclu deyillər. O klublar səviyyəcə qat-qat üstün çempionatlarda oynayırlar. Amma "Qarabağ” inanılmaz şeylər edir. Rəqib meydanında "Nant” üzərində qələbə qazana, heç-heçə edə, məğlub da ola bilərlər. Ümidimiz çoxdur ki, bizi sevindirən gözəl nəticələrin davamı gəlsin”.
Musayev "Qarabağ”ın artıq tam olaraq Avropa səviyyəli futbol nümayiş etdirdiyini də deyir:
"Bəli, elədir. Hər dəfə bu amil çaşqınlıq yaradır ki, bizim çempionat hara, rəqiblərinki hara… Böyük fərq var, buna baxmayaraq, "Qarabağ” hər oyunda dominant futbol sərgiləyir. Rəqibdən çəkinmirlər. Xüsusi vurğulayım ki, Qurbanov dəhşətli dərəcədə böyük işlər görür. Futbolçularda ustalıq səviyyəsi qat-qat çoxdur. Komanda həm fiziki, həm taktiki baxımından çox "diridir”, bir ailə kimidirlər. Hamı meydanda bir nəfər kimi mübarizə aparır. Bunlar meydanda çox önəmlidir. Ona görə də kluba ancaq təşəkkürlər düşür”.
Musayev bütün yorğunluğa, Avroliqadakı oyunların ağırlığına rəğmən, "Qarabağ”ın Azərbaycan Premyer Liqasında cari mövsümün qalibi olacağına əminliyini də bildirir:
"İstər-istəməz üç gündən bir oynamaq daha çətindir. "Qarabağ” da yavaş-yavaş alışır. Əlbəttə, yorğunluq var, olacaq. Allah zədələrdən qorusun. Zədəlilər məşqçinin işini daha da çətinə salır. "Qarabağ”a bizim çempionatımızda rəqib yoxdur. Bu bir tərəfdən təəssüf doğurur. Futbolumuza da ziyandır. Öz dediyimi təkzib edim ki, bu hal "Qarabağ”a heç təsir də etmir. Rəqabətsiz çempionatda bu cür oyun nümayiş etdirirlər. Bunu indi deyil, ilk turlardan, daha doğrusu, komandalarımızın avrokuboklara hazırlıqlarından gördüm ki, Azərbaycan çempionatında "Qarabağ”a rəqib yoxdur. Düşünürəm ki, çempionluğu rahatlıqla qazanacaq. Çünki "Neftçi” heç o səviyyədə deyil. "Sabah” "Neftçi”dən daha üstündür, amma "Qarabağ”a rəqib deyil. Ona görə də çempionluq barəsində hər hansı tərəddüd olduğunu düşünmürəm”.
Səbuhi Həsənov