Qoz son illərdə beyin fəaliyyətini dəstəkləyən, ürək sağlamlığını gücləndirən və hətta yuxunun keyfiyyətini yaxşılaşdıran məhsul kimi daha çox diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Prevention” yazır.
Qozun əsas faydalı xüsusiyyətləri
Qozun əsas üstünlüyü alfa-linolen turşusu ilə zəngin olmasıdır. Bu, bitki mənşəli omeqa-3 formasıdır və iltihabı azaltmağa, beyin funksiyalarını dəstəkləməyə kömək edir. Bundan əlavə, qoz lif, maqnezium, mis, manqan və E vitamini kimi antioksidantlarla zəngindir.
"Anti-aging” qidalanma və qozun rolu
Amerika Ürək Sağlamlığı Assosiasiyasının araşdırmasına görə, müntəzəm qoz yeyən insanlarda yaşla bağlı zəiflik, əzələ itkisi və enerji azalması daha az müşahidə olunur. Xüsusilə həftədə ən azı 5 dəfə qoz yeyən qadınlarda fiziki zəiflik riski daha aşağı olub.
Beyin sağlamlığı üçün təsiri
"PubMed”də yayımlanan tədqiqatlara əsasən, qoz oksidləşdirici stressi və iltihabı azaldır. Bu isə Altsheymer kimi xəstəliklərlə bağlı koqnitiv geriləmənin qarşısını almağa kömək edə bilər. Bəzi məlumatlara görə, qoz beyində zərərli zülal yığılmasının da qarşısını ala bilər.
Ürək sağlamlığına təsiri
Qozun müntəzəm istifadəsi orqanizmdə iltihabi göstəriciləri azaldır və bununla da ürək-damar xəstəlikləri riskini aşağı salır.
Yuxunu yaxşılaşdırır
Qoz tərkibində melatonin, triptofan, maqnezium və B qrup vitaminləri daşıyır. Bu maddələr yuxuya getməni asanlaşdırır və yuxunun keyfiyyətini artırır. Təcrübələr göstərir ki, axşam qoz yeyən insanlar daha tez yuxuya gedir və səhər daha gümrah oyanırlar.
Gündə nə qədər qoz yemək lazımdır?
Mütəxəssislər bildirirlər ki, optimal gündəlik doza təxminən 30 qramdır. Bu, təxminən 12–14 yarım qoz deməkdir. Bəzi tədqiqatlar yuxunu yaxşılaşdırmaq üçün axşam saatlarında bir qədər daha çox miqdara icazə verir.
Qozu gündəlik qidalanmaya əlavə etmək asandır: sıyıqlara, salatlara, smuzilərə qatmaq və ya sadəcə ara yemək kimi istifadə etmək olar. Əsas şərt müntəzəmlikdir.
Aydın
Şərhlər