Siyasət 16:00 01.07.2022

Beynəlxalq qalmaqal: ABŞ erməni separatçılarına yardım edəcək (ŞƏRH)

ABŞ Ermənistan və "Dağlıq Qarabağa” maliyyə yardımı göstərəcək. Amerika Erməni Assambleyası xəbər verir ki, ABŞ 2023-cü ildə Ermənistana 60 milyon dollar maliyyə yardımı ayıracaq, daha 2 milyon dolların isə "Dağlıq Qarabağa” verilməsi planlaşdırılır. Ermənistan və "DQR”ə yardım 2023-cü maliyyə ili üçün dövlət, xarici ayırmalar və müvafiq proqramlar haqqında qanun layihəsində nəzərdə tutulub. Sənəd Nümayəndələr Palatasının Xarici Təxsisatlar Komitəsi tərəfindən irəli sürülüb. Ermənistana yardım iqtisadi inkişafa, özəl sektorun məhsuldarlığına, enerji müstəqilliyinə, demokratiyaya və qanunun aliliyinə yönələcək.

"Komitənin tövsiyəsində Dağlıq Qarabağda minatəmizləmə fəaliyyətləri üçün ən azı 2 milyon dollar da var... Komitə Dağlıq Qarabağdakı münaqişənin humanitar təsiri və mənzil, ərzaq təhlükəsizliyi, sağlamlıq və digər insan ehtiyacları, su və kanalizasiya sahələrində yaranan problemlərdən narahatdır”, - mesajda deyilir. 

Qanun layihəsi Türkiyə prezidentinin təhlükəsizlik idarəsinə hərbi məhsulların tədarükünə qadağadan əlavə, Azadlığa Dəstək Qanununun 907-ci maddəsini də əhatə edir. Xüsusilə qeyd olunur ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff Co Bayden administrasiyasının keçən həftə etdiyi 907-ci bölmənin ləğvindən ciddi narahat olduqlarını bildiriblər. Bundan əvvəl ABŞ prezidenti Azərbaycana hərbi yardım qadağasını növbəti dəfə ləğv edib. 2002-ci ildən bəri Ağ Ev hər il 907 saylı düzəlişi ləğv edir və Konqres buna etiraz etmir. Bəyanatda ABŞ-ın yardımı və təliminin Ermənistanla Azərbaycan arasında hərbi balansa təsir etmədiyini söyləməyi lüzumsuz hesab edən Menendesə istinad edilir. O, Azərbaycana hər cür yardıma ciddi nəzarəti davam etdirəcəyini və Dövlət Departamentindən tam şəffaflıqla fəaliyyət göstərməsini və Bakıya göstərilən hər hansı yardımı qiymətləndirmək üçün Konqresə bütün lazımi detalları təqdim etməsini gözlədiyini vurğulayıb.

ABŞ-ın bu addımını Qaynarinfo-ya şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Vaşinqtonun bu yöndə atdığı addımların yenilik olmadığını deyir: 

"ABŞ-ın Ermənistana, istərsə də qondarma rejimə yardım məsələsi demək olar ki, 30 ildir davam edir. Bu, ölkəmiz üçün yenilik deyil. Zamanında ABŞ Azərbaycana daha çox yardım edib, nəinki Ermənistan və ya qondarma rejimə. Ona görə də güman etmirəm ki, Amerika siyasətində hansısa bir dəyişiklik edilsin. Amerika siyasətində tanınmamış ölkələrə, ərazilərə, hətta elan olunmamış təşkilatlara, məsələn PKK-ya belə yardımlar edilib. Senat üzvünün Azərbaycana hər cür yardıma ciddi nəzarətin davam etdirilməsi fikrinə gəldikdə isə yardımın istiqaməti əvvəlcədən bilinirsə, istiqamət haradırsa, o sahədə görülən işlərə də nəzarət ediləcək. Yəni pul sadəcə olaraq elə belə verilmir ki, hara gəldi xərcləsinlər. Konkret bir sahəyə yönəlir. Həmin nəzarət tək Azərbaycana olmayacaq. Ermənistan və qondarma rejimə göndərilən vəsaitlərə də nəzarət ediləcək. Ayrılan pul düzgün xərclənməyəndə növbəti ildə korrektlər edilir, vəsait ya azaldılır, ya da ümumiyyətlə verilmir. Ona görə hesab edirəm ki, burada xüsusi bir məqam yoxdur. Ölkəmiz üçün əsas məsələ Qarabağın vacib olan məsələlərinin həll edilməsidir.ABŞ bu məsələdə ölkəmizə heç bir maneə törətmir”. 

Rüfət Sultan