Naycel Quld-Devis
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) baş elmi işçisi, İİSS İllik Strateji Geosiyasət İcmalının redaktoru
Rusiya Ukraynanı işğal edəndən bəri Qərb hökumətləri yorulmadan bu çirkin hərəkəti pisləyib və Ukraynanı dəstəklədiklərini bəyan ediblər. Lakin onlar qəzəblərində nə qədər həmrəy olsalar da, məqsədlərində əmin deyildilər.
Bu mövqe dəyişməyə başlayıb. Müdafiə naziri Lloyd Ostin bu yaxınlarda deyib ki, ABŞ qonşularını daha təhdid edə bilməməsi üçün "Rusiyanın zəiflədiyini görmək istəyir”. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, onun ölkəsi "Rusiyanı bütün Ukraynadan sıxışdırıb çıxarmağa” çalışacaq. Avropa Komissiyasının sədri Ursula fon der Leyen "Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik” deyib.
Amma Qərbin müharibənin necə sonlanmasını istədiyi hələ də aydın deyil. O, Rusiyanın təcavüzünə cavab vermək üçün, əsasən Ukraynaya hərbi yardım və Rusiyaya qarşı sanksiyaları seçsə də, bu üsulların hansı məqsədlərə xidmət edəcəyini dəqiqləşdirməyib. Əksinə, Qərb siyasəti əsasən hansısa məqsədə nail olmaq əvəzinə, hansısa nəticələrin qarşısına almağa diqqət yetirib. Birincisi, Rusiyaya Kiyevdə marionet rejim qurmağa imkan verən Ukrayna məğlubiyyəti. İkincisi, Rusiya Federasiyasının kütləvi qırğın silahlarının istifadəsi və ya müharibənin Ukrayna hüdudlarından kənara genişlənməsidir.
Bu iki məhdud istəklər daxilində müharibənin bir çox mümkün nəticələri var. Amma təcrübədə seçim sadədir: Rusiya fevralın 24-də baş vermiş işğaldan əvvəlki vəziyyətdən daha yaxşı və ya daha pis vəziyyətdə olacaq? Rusiyanı daha yaxşı vəziyyətə salan istənilən nəticə, bütün Ukraynanı tabe etmək kimi ilkin məqsədindən xeyli geridə olsa belə, Kremlin qələbəsi olacaq.
Qərbin belə strategiyaya ehtiyacı var ki, hansında Rusiya sonda öz hərəkətlərindən peşman olsun. 2014-cü ildən bəri ikinci dəfə Ukraynanı işğal etdiyinə görə Rusiyanın mükafatlandırılacağı sülh Ukraynanın gələcəyi, Qərbin təhlükəsizliyi və etibarı, beynəlxalq nizamın əsasını təşkil edən suverenlik və müdaxilə etməmək normaları üçün dərin təsirlər göstərəcək.
Birincisi, belə bir sülh həm Rusiyanın təcavüzünə, həm də onun insan hüquqlarının dəhşətli şəkildə pozulmasına haqq qazandıracaq. Kreml bu nəticəni öz əhalisinə qələbə kimi təqdim etmək üçün faktlarla manipulyasiya edəcək. Ərazi və təbliğat qazancı onu qane etməkdən daha çox həvəsləndirəcək. Bu, nəinki gələcəkdə Rusiyanın Ukraynaya üçüncü işğalı üçün zəmin yarada bilər, həm də Qərbin təhlükəsizliyinə və etibarına xələl gətirər.
İkincisi, kiçilməkdə olan Ukrayna həmişəlik zəifləyəcək, xüsusən də Rusiya konsolidasiya olunsa və ya daha da pisi, Ukraynanın sahil xəttinə nəzarətini genişləndirsə. Ən azı bir tanınmış rus hərbi komandiri bunun qanuni strateji hədəf olduğunu bildirib. Bu, Ukraynanı "boğacaq” və mümkün sülh sazişinin bir hissəsi kimi həll edilməli olan ən azı üç başqa məsələ üzrə danışıqlarda Rusiyaya üstünlük verəcək.
Bunlardan birinə Ukraynanın statusu daxildir: onun alyanslara və ya digər beynəlxalq birliklərə qoşulmaq hüququna hər hansı məhdudiyyət qoyulacaqmı? İkincisi oğurlananlara aiddir: Rusiyaya zorla köçürülən ukraynalılar necə geri qaytarılacaq? Üçüncüsü, sanksiyalar: Qərb Rusiyanın iqtisadi təcridini hansı şəraitdə və nə dərəcədə zəiflədəcək? Əgər Rusiya əraziləri əldə edərsə, o, danışıqlarda bütün bu məsələlər üzrə daha yaxşı vəziyyətdə olacaq.
Rusiya da nəzarət etdiyi istənilən yeni ərazidə yeni vəhşiliklər törədə bilər. Ukraynalılar işğalın istənilən formasına müqavimət göstərə bilər. Döyüş əməliyyatlarının dayandırılması zorakılığın dayandırılması demək deyil, buna daha çox Rusiyanın növbəti təcavüzünün başlanğıcı demək olardı. İşğal sabitlik resepti deyil.
Nəhayət, Ukrayna yalnız uzun və baha başa gələn mübarizədən sonra öz ərazilərinin itirilməsi ilə barışacaq. Ukraynada müharibənin hər günü əlavə maddi ziyana və mülki əhalinin ölümünə səbəb olmaqla ölkəni daha da zəiflədir. Bununla belə, bəzi Avropa dövlətləri, deyəsən, iki tərəfin aylar, hətta illərlə, qarşılıqlı tükənməyə qədər ölümcül müharibə aparmasını seyr etməkdən həzz alırlar. Sülh yolu ilə nizamlanmanın konturlarını müəyyən etmək üçün "dalana dirənmə” vəziyyətini gözləmək Rusiyanın xeyrinədir.
Bunun baş verməməsi üçün Qərb Rusiyanın işğaldan əvvəlkindən daha pis vəziyyətdə olmasını təmin etməlidir. Ən azı, Qərb siyasəti Rusiyanın Ukraynaya qarşı siyasətini əsaslı şəkildə dəyişdirənə qədər yeni Ukrayna torpaqlarını əldə edə bilməməsi və sərt sanksiyalarla üzləşməyə davam etməsini təmin etməlidir.
Sanksiyalara cəsarətli yanaşma - Rusiyanın Qərb iqtisadiyyatına çıxışdan tamamilə təcrid olunmalı olduğu senari ilə başlamaq və sonra isə lazımi istisnaları tətbiq etməkdir. Növbəti addımlar - xüsusən, Rusiya neftinin, daha sonra isə qazın Avropaya idxalının mərhələli şəkildə dayandırılmasıdır. Bu, artıq tətbiq olunan sanksiyalardan daha bahalı və çətinidir. Bununla belə, qitə üçün ciddi təhlükəsizlik və humanitar təhlükəni aradan qaldırmağın heç bir ucuz yolu yoxdur. Növbəti sanksiyalar Avropa üçün əlverişsiz, Rusiya üçün isə fəlakətli olardı. Qərb bu həlledici qarşıdurmada qalib gəlməlidir.
Qərb imperialist təcavüzdən bu suverenlik və müstəqillik proqramını dəstəkləmək üçün geniş beynəlxalq ictimaiyyəti də cəlb etməlidir. Bu, təkcə Konqresdən prezident Baydenin tələb etdiyi 40 milyard dollarlıq hərbi dəstək paketini qəbul etməklə bitməməli, Avropa da eyni addımı atmalıdır. İyun ayında dağıdılmış Avropanı dirçəltmiş, özünə inamı bərpa etmiş və Sovet hakimiyyətini cilovlamağa kömək edən Marşal Planının 75-ci ildönümünü qeyd edir.
Öz növbəsində indi Avropaya da, həm bu ölkənin ərazisinin bərpası, həm də müharibədən ziyan görmüş iqtisadiyyatının bərpası ilə bağlı açıq-aşkar öhdəlik götürməklə Ukraynanın etimadını və təhlükəsizliyini bərpa etmək məqsədəuyğun olardı.
Rusiyanın eskalasiyası qorxusu Qərbi bu addımlardan çəkindirməməlidir. Rusiyanın ehtiyatsız nüvə söhbəti Qərbin qorxuları üzərində oynamaq məqsədi daşıyır. Lakin Rusiyanın belə ritorikası onun başqa variantlarının olmadığını göstərir. Müharibə Rusiyanın silahlı qüvvələr, informasiya müharibəsi, kiber güc və iqtisadi dayanıqlılığının zəif cəhətlərini ifşa etdiyinə görə, indi kütləvi qırğın silahları onun geosiyasi böyüklüyünə yeganə iddiasıdır.
Lakin zəiflik irrasional təhlükəni daha inandırıcı etmir. "Rusiya qalib gəlməsinə icazə verilməsə, nüvə silahından istifadə edəcək” arqumenti Ukraynanı müharibədən çəkindirmir. Bu, Qərbi də görməli işlərdən çəkindirməməlidir.
Strateji qərarsızlığın dəyəri yüksək ola bilər. Məqsədlərin aydınlaşdırılmaması İkinci Dünya müharibəsindən sonra Avropada ən qanlı münaqişə olan Bosniya müharibəsinin uzanmasına səbəb oldu. Avropa İttifaqının xarici işlər nazirləri Şurasının sədri Jak Poos 1991-ci ildə "Avropanın vaxtı çatıb” bəyanatını verdi. Lakin münaqişə bundan sonra 3 il davam etdi və 100 minə yaxın insanın həyatına son qoydu.
Qərb bu səhvi təkrarlamamalıdır.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo