Son zamanlar həm Azərbaycan, həm də Ermənistan tərəfdən rəsmi və qeyri-rəsmi səviyyələrdə "ilin sonuna qədər iki ölkə arasında sülh müqaviləsinin imzalana bilər” fikri səslənir. Azərbaycan Prezidenti İlham Əliyev Astanada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü zamanı deyib ki, Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsi imzalana bilər.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da televiziyaya müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədir. Onun sözlərinə görə, ilin sonunadək delimitasiya prosesinin aparılması ilə bağlı da razılıq var.
Bakı ilə İrəvan arasında bu ilin sonunadək sülh sazişinin imzalanması ehtimalı nə dərəcədə realdır?
Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bu məsələdə o qədər də optimist olmadığını deyir:
"Azərbaycan tərəfdən sülhün əldə edilməsi yolunda heç bir ciddi problem yoxdur. Adətən belə problemlər Ermənistan tərəfindən yaradılır. Təbii ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması daha məqsədəuyğundur. Amma İrəvanın hansısa bir sənədi imzalayıb, sonradan müxtəlif bəhanələrlə onun altından qaçmasını nəzərə alsaq, ilin sonuna sülh müqaviləsinin imzalana biləcəyi real deyil. Bəzi ölkələrin regionda sülhün əldə edilməsində maraqlı olmadığını da nəzərə alsaq, ilin sonuna qədər məsələnin həll ediləcəyi inandırıcı görünmür. Bütün hallarda gec-tez sülh sazişi imzalanacaq”.
Rüfət Sultan