29-30 sentyabr 2016-cı il tarixdə Binəqədi rayonu Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Orxan Əlixanlının “Azərbaycan gənc rəssamların gözü ilə” adlı layihəsi çərçivəsində rəsm sərgisi keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri Orxan Əlixanlı layihə haqqında ətraflı məlumat verərək, layihənin reallaşdırılmasında göstərdikləri köməyə görə aidiyyatı qurumlara öz təşəkkürünü bildirib. Ölkəmizin zəngin tarixi keçmişə, yeraltı və yerüstü təbii sərvətlərə, füsunkar təbiətə malik olduğunu vurğulayan Orxan Əlixanlı məhz bu gözəlliklərin diqqətə çatdırılması məqsədilə belə bir layihənin həyata keçirildiyini bildirib.
Sonra YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək layihənin gənclərin rəssamlıq sahəsində bacarıqlarının inkişaf etdirilməsinə töhfə verdiyini nəzərə çatdırıb. Həmçinin Gənclər Fondunun gənclərin fikir və ideyalarının gerçəkləşdirilməsi istiqamətində gördüyü işlərin onlar üçün böyük stimul olduğunu qeyd edib.
Çıxışlardan sonra gənclər sərgidə nümayiş olunan rəsm əsərlərinə baxıb, çay süfrəsi ətrafında maraqlı diskussiya aparıblar. Sonda iştirakçılar diplom və sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, “Azərbaycan gənc rəssamların gözü ilə” adlı layihədə 50 nəfər gənc iştirak edib, onların çəkdikləri rəsm əsərləri Binəqədi rayonu Gənclər evinin Sərgi qalereyasında nümayiş olunub.
Qaynarinfo.Az








