Xəbər lenti

Bir ölkənin faciəsindən istifadə:
Dünya 14:36 27.09.2024

Bir ölkənin faciəsindən istifadə: "Gürcü Arzusu"nun bu hərəkəti etik deyil"

"Bir ölkənin faciəsindən seçkçi təbliğatında istifadə etmək seçiciləri qorxutmaq məqsədi daşımaqla yanaşı, etik çərçivədən kənardır".

Qaynarinfo-ya açıqlamasında bunu AMİP sədrinin müavini Əli Orucov Kiyevin Gürcüstan hökumətinin Ukraynadakı faciədən seçki kampaniyasında istifadə etməsinə görə Tiflisə etiraz etməsini şərh edərkən deyib.
 
"Gürcüstanla Qərb arasında bir müddətdir ki, qarşıdurma baş verir. Tiflisin QHT-lər, xarici agentlərlə bağlı qəbul etdiyi qanunlardan sonra Qərblə Gürcüstan arasında münasibətlər xeyli gərginləşib. Tiflis bu qərarlarla sübut etmək istəyir ki, Rusiya ilə konfrantasiyaya getmək Gürcüstan üçün böyük təhlükə yarada bilər. Hətta iddia edirlər ki, Rusiya ilə yaxınlaşmaq onlara itirdikləri əraziləri geri qaytarmağa kömək edəcək”, deyə Əli Orucov bildirib.



AMİP funksioneri qeyd edir ki, Tiflisin belə mövqe sərgiləməsi yanlış mövqedir: 

"Rusiya heç kimə heç nəyi havayı vermir. Seçki ərəfəsi Gürcüstan hökuməti bu sayaq təbliğat vasitələrilə cəmiyyət göstərmək istəyir ki, Ukrayna Qərbi seçərək, Rusiya ilə münasibətləri gərginləşdirdiyindən ağır nəticələrə tuş gəlib. Bu kimi seçki plakatlarlı ilə rəsmi Tiflis əslində gürcü vətəndaşlarını qorxutmaq, onları narahat etmək məqsədi güdür. "Gürcü Arzusu”nun bu hərəkəti heç bir halda etik səslənə bilməz. Bir ölkənin faciəsindən seçki təbliğatında istifadə etmək etik çərçivədən kənardır. Gürcüstan da belə bir ağrını yaşayıb, onlar da Rusiyanın təhdidlərilə üz-üzə qalmaqdadır. Rusiyaya yaxınlaşmaq, onun dediyilə oturub-durmaq heç bir halda Gürcüstanın özü üçün təhlükəsizlik çətiri yaratdığı anlama gəlmir. Heç kim təminat verə bilməz ki, Rusiya qonşularla normal münasibətlərdə yaşayacaq”. 

Qeyd edək ki, Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar küçələrdə "Müharibəyə yox! Sülhü seçin!” şüarlı bannerlər yerləşdirib. Bannerlərdə Ukraynada müharibə nəticəsində baş vermiş dağıntılarla Gürcüstandakı vəziyyət müqayisə olunub. 

Buna cavab olaraq Ukrayna XİN-i bəyanat yayıb. Orada deyilir ki, Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsinin nəticələrini əks etdirən şəkillərin siyasi reklam kampaniyalarında istifadə edilməsi qəbuledilməzdir:

"Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyir və yolverilməz hesab edir. Ukrayna Rusiyanın təcavüzünə müqavimət göstərdikcə gürcü xalqı yeni müharibədən qorxa bilməz. Biz Gürcüstan hökumətini, hakim "Gürcü Arzusu” partiyasını və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->