Siyasət 12:30 21.05.2022

Bir zavodu ala bilməyən Rusiya ordusu – Ekspert

"Əslində Rusiya kimi dünyanının ikinci ordusuna malik bir ölkənin 3 aya yaxın bir müddətdə qadağan olunmuş silahların fosfor bombalarının tətbiqindən sonra bir zavod ərazisini rəqibdən təmizləməsi ilə öyünməsi tam biabırçılıqdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev "Azovstal” poladəritmə zavodu ərazisində 2400-dən çox ukraynalı hərbçinin təslim olması faktını şərh edərkən deyib. O, hesab edir ki, bu hadisə Rusiya qoşunlarının müharibədə imkanlarının nə qədər məhdud olmasını göstərir:
 

 
”Məsələn, ABŞ-ın İraqı işğal etməsi 4 gün quru əməliyyatdan sonra başa çatdı. Ümumilikdə müharibə 43 gün çəkmişdi, 38 gün havadan bombalamışdılar, 4 gün də ABŞ əsgəri ölkənin bu başından girib o başından çıxmışdı. İsrail isə Livanı cəmi iki gündə işğalını başa çatdırmışdı. İndi isə Rusiya 3 aydan sonra bir zavodda müdafə olunan alayın hərbiçilərini əsir götürməklə öyünür”. 

Ədalət Verdiyev bildirib ki, əgər yaxın müddətdə Ukrayna ABŞ-la "Lend-liz qanunu”nun yardımı ilə uzaq mənzilli və hücum silahlarını əldə edərsə, o zaman gələn ayın sonlarına doğru biz Ukraynanın öz ərazilərini azad etməsi üçün əks hüsum əməliyyatlarına başlayacağını da ehtimal edə bilərik. Ekspertin sözlərinə görə, təslim olanlar hərbi əsirlərdir:
 
"Onları Ukrayna ordusu tərəfindən saxlanılan Rusiya ordusunun hərbi qulluqçuları ilə dəyişəcəklər”. 

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, "Azovstal” ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub. 

Bahar Rüstəmli