Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron birinci turda səslərin 27,60 faizini toplayaraq ikinci turda böyük üstünlük əldə edib. Fransanı daha bir müddət idarə edəcəyi gözlənilən lider niyə ehtiyatlı "qələbə” çıxışı etdi? Ultra sağçıların səslərini artırması nə deməkdir?
Qaynarinfo xəbər verir ki, Avropa daha bir seçki həftəsini geridə qoydu. Keçən həftə Macarıstanda Orban baş nazir, Serbiyada Vudiç yenidən prezident seçildi, buna bənzər, lakin daha ehtiyatlı qələbə isə bu dəfə Fransa prezidenti Emmanuel Makrona düşdü.
Çox rəqabətli prezident seçkisi kampaniyasından sonra İrəli, Respublika Partiyasının namizədi, hazırkı dövlət başçısı Makron 27,60 faiz səs toplayıb, ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə bütün səslərin 23,41 faizini toplayıb.
Fransada aprelin 24-də seçkinin ikinci turu keçiriləcək, ikinci turda 50 faizdən çox səs toplayan şəxs ölkənin yeni prezidenti olacaq. İkinci turda ultra sağçı namizəd Le Penin ən böyük dəstəkçisi dünənki səsvermədə təxminən 7 faiz səs toplayan Erik Zemmur olsa da, bütün Fransanın Makronun Fransanı dəstəkləyəcəyi gözlənilir.
MAKRON QAZANMASA, FƏLAKƏT OLACAQ
Kommunistlər, sosialistlər və yaşıllar partiyası ilə münasibətləri sabit saxlamağa çalışan Makrona bu partiyaların dəstək olacağı gözlənilir. Sağçı Respublikaçıların namizədi Valeri Pekresse "Makron qalib gəlməsə, bunun fəlakətli nəticələri olacaq" dedi.
İfrat solçu Sarsılmaz Fransa Partiyasının lideri Jan-Lük Melenşon ikinci turda Makronu dəstəklədiyini bəyan edərək, "kimə səs verməyəcəyimizi bilirik" deyib. Kiçik bir riyazi hesablama ilə də Makronun ikinci turda yüzdə 70 səs toplayaraq Fransada ikinci dəfə üçün prezident seçiləcəyi gözlənilsə də, komandasının ikinci turun nəticələrinin açıqlanacağına kimi bu qədər rahat olduğunu söyləmək doğru olmaz.
SƏBİRLİ VƏ QƏRARLI OLAQ
Qeyd edək ki, 2017-ci ildə Fransada prezident seçkiləri vaxtı namizədlərdən Le Pen 21,30 faiz, Makron isə 24,01 faiz səs toplayaraq ikinci tura keçmişdi. Həmin vaxt Makron bu fərqlə seçkidə qalib gəlsə də, dünən o "qələbə” çıxışını edərkən ehtiyatlı davranıb. Belə ki, o çıxışı zamanı "heç nə bitməyib, gəlin, təvazökar və qətiyyətli olaq!” – deyə fikirlər səsləndirib. Ehtimallara görə, Makronun ehtiyatlılığının arxasında Rusiyanın Ukraynaya müdaxiləsi ilə yüksələn populyarlığının azalması dayanır.
Fransanın sənaye naziri Agnes Pannier-Runker ikinci turun əhəmiyyətinə toxunaraq, bildirib ki, biz indi Le Penin proqramının heç bir əhəmiyyətinin olmadığını sübut etməliyik. Parlamentlə əlaqələrə cavabdeh olan nazir Mark Fesneau isə deyib ki, birinci turun nəticəsini ölkənin mənzərəsi hesab etmək olar. Bu çıxışlardan görünür ki, ifrat sağçıların Fransada ciddi bazası var.
Bəzi mütəxəssislərə görə, Makron və Le Peni bir-birinə qarşı qoyan bu mənzərə, əslində, ölkədə bəzi anlayışların müzakirə olunduğunu göstərir. Əgər Makron kapitalı olan, şəhərli və Avropa Birliyi ilə inteqrasiyada yaşamaq istəyənlərin simasıdırsa, Le Pen isə AB əvəzinə milli müstəqilliyi dəstəkləyən işçi sinfinin, kənd əhalisinin siması kimi xarakterizə edilir.
PARİS MERİNİ MƏYUS EDƏN SƏBƏB
Seçkilərin ən böyük sürprizlərindən biri Paris meri olmuş Ann Hidalqonun cəmi 1,74 faiz səs toplaması olub. Fransız politoloq Kloye Morin deyib ki, bizim sistemdə sağ və solun keçmiş siyasətçilərini birləşdirən mərkəzçi bir partiya var. Biz görürük ki, daha yumşaq alternativlər yoxa çıxır.
O da məlum olub ki, Makronun ikinci turda qalib gəlmə ehtimalı çox yüksək olsa da, ölkənin 75 faizi onun siyasətini bəyənmir. Bu da belə bir şəraitdə onun Yelisey sarayına qayıdarsa, burada qalmaq üçün daha çox çalışmalı olduğu deməkdir.
Qeyd edək ki, Makron və Le Pen də 2017-ci ildən sonra səsvermə nisbətlərini artıra biliblər. Belə ki, Le Pen ciddi sıçrayış edərək 21,30 faiz səs toplaya bilib. Dünən bu nisbət yüzdə 23,41-ə qədər yüksəlib.
İkinci tur üçün hazırlıqlara gəldikdə isə Le Pen seçkilərdə uğur qazandıqdan sonra növbəti iki həftə ərzində geniş kampaniya aparmayacaq. O, bu həftə ofisində "France Inter” və TF1 kimi media qurumlarına müsahibələr verəcək. Ondan fərqli olaraq Makron isə Le Penin güclü olduğu Denain kimi şimal bölgələrinə gedərək kampaniyasını davam etdirəcək.
Mənbələr: Le Monde, France24
Günay İlqarqızı