Bişkek görüşündə nələr müzakirə oluna bilər? (ŞƏRH)
"Rusiya sülhməramlılarının Qarabağda qalması üçün Moskvanın yeni mövzu və gündəmə ehtiyacı var".
Bunu Qaynarinfo-ya politoloq Natiq Miri Azərbaycan və Rusiya prezidentlərinin Bişkekdə baş tutacaq görüşünü şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Bişkekdə İlham Əliyevlə Vladimir Putin arasında Rusiya sülhməramlılarının bundan sonrakı fəaliyyəti ilə bağlı məsələ əsas müzakirə mövzusu olacaq:
"Rusiya hərbi kontingentinin Qarabağda hərbi missiyası artıq bitir. Onların təmas nöqtəsi saydıqları ərazilərdə müşahidə məntəqələri bir-bir ləğv edilir. Atəşkəsi təmin etmək üçün iki tərəf olmalıdır. Qarabağda isə ikinci tərəf yoxdur, tərksilah edilərək, ləğv olunub. Mövcud şəraitdə rus həbçilərinin Qarabağda qalmasının davamlı olması üçün Moskvanın yeni mövzu və yeni gündəmə ehtiyacı var. Rusiya rəhbərlərinin son açıqlamaları da təxminən bu kontekstdədir. Bu açıqlamalar ictimai fikir yaratmaq, nəbz yoxlanışı üçündür. Rusiya hərbi kontingenti Qarabağda sülhməramlı missiya kimi qalması mümkün deyil. Nə beynəlxalq səviyyədə belə bir mandat verilməyib, nə də Azərbaycan bu mandatın fəaliyyət sferasını müəyyən etməyib. Yalnız atəşkəsi təmin edən rus hərbi kontingenti var idi. İndi atəşkəsi təmin edəcək mühit də yoxdur".
"Yeni mövzu dedikdə, nəyi nəzərdə tutursunuz" sualına cavab olaraq politoloq bildirib ki, mövzunun nədən ibarət olduğu Rusiya prezidentinin köməkçisi Uşakovun açıqlamasında özünü göstərir:
"Onun dediyinə görə, rus hərbi kontingenti Azərbaycanın Qarabağ ərazisindən Ermənistana köçürülən insanların geri qayıtması fonunda fəaliyyətini davam etdirə bilər. Bu is onlar üçün yeni gündəm, yeni fəaliyyət sferasıdır".
Qeyd edək ki, MDB dövlət başçılarının oktyabrın 13-də Bişkekdə olacaq keçiriləcək toplantısı çərçivəsində İlham Əliyevlə Vladimir Putinin görüşü olacaq. Görüşdə Qarabağ ətrafındakı vəziyyət və rus hərbi kontingentinin Qarabağdakı sonrakı fəaliyyəti müzkirə olunacaq.
Rüfət Sultan