Xəbər lenti

Biz Paşinyana dəstək verə bilərikmi?..
Hüseynbala Səlimov
Siyasət07:20 15.03.2021

Biz Paşinyana dəstək verə bilərikmi?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Hətta ətraflı sosioloji sorğular olmadan da demək mümkündür ki, Ermənistan müxalifətinin etiraz aksiyalarının adi hesabi göstəriciləri aşkar şəkildə şişirdilir. Ona görə də ABŞ-ın Respublikaçılar İnstitutunun keçirdiyi iddia edilən son sorğular bir daha göstərdi ki, Paşinyanın reytinqi yetərincə aşağı düşsə də, bütün hallarda müxalifət təmsilçilərinin müvafiq reytinqlərini on dəfələrlə üstələyir.
Amma buna baxmayaraq, son günlərdə Ermənistanda əsl ikihakimiyyətlilik bərqərar olub. Nə olub? Nə baş verir? Məsələ bundadır ki, Ermənistanda inqilab yox, əsl hərbi qiyam, dövlət çevrilişi kabusu dolaşmaqdadır. 
Odur ki, ən müxtəlif mülahizələr və təkliflər səslənir. Bir sıra politoloqlar belə deyir ki, Azərbaycan da öz seçimini etməlidir, yəni biz də bir suala cavab verməliyik: Ermənistanda hakimiyyətdə kimi görmək istəyirik?
Nikol Paşinyanın imzası iki mühüm razılaşmanın altında var və bu səbəbdən də əlbəttə ki, daha yaxşı olardı, məhz Paşinyan hakimiyyətdə qalsın, amma rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq o, noyabr və yanvar razılaşmalarından bir addım da geri atmayacaq.
Bundan başqa, hakimiyyətdə olduğu müddət ərzində Nikol Paşinyan cənabları, yumşaq şəkidə desək, özünü Koçaryan və Sarqsyan kimi çox həyasızcasına apardı. Əvvəlcə öz inqilabını başa çatdırmaq, seçkilərini keçirmək üçün Bakıdan vaxt istədi. Ona bu vaxt verildi ki, inqilabçı baş nazir mövqelərini möhkəmləndirə bilsin.
Amma bundan sonra nə oldu? Azərbaycan prezienti çox humanist bir təkliflə çıxış etdi: əsir və girovları "Hamının hamıya” prinsipi əsasında dəyişdirmək. Fəqət İrəvandan buna hər hansı cavab gəlmədi, əksinə Nikol Dağlıq Qarabağa səfərlər etməkdə davam etdi, orada "piknik”lər qurdu, sərxoş vəziyyətdə rəqslər etdi...
İndi o, küncə sıxılıb və əsl dalana dirənib. Ermənistanda yeni bir siyasi kart oynanılır: rusiyalı təhlilçilər açıq şəkildə prezident Armen Sarkisyan cənablarının namizədliyini müzakirə etməyə başlayıblar. Paşinyan isə bu vaxta qədər hakimiyyətdə yalnız ona görə qala bilib ki, hələlik əhalinin böyük hissəsi onu müdafiə edir. 
Bu isə həm də o anlama gəlir ki, erməni əhalisinin əsas hissəsi heç də Bakıya qarşı düşmən mövqeyə köklənməyib.
Üstəlik, bir daha deyirik ki, noyabr razılaşmasının altında Nikol Paşinyanın da imzası var və o da həmin razılaşmanın tələblərini həyata keçirməkdə qərarlıdırsa, biz də erməni baş nazirinə dəstək haqqında düşünə bilərik. Əlbəttə, burada Rusiyanın da mövqeyini nəzərə almaq və imkan daxilində onunla sinxron hərəkət etməyə çalışmaq lazımdır. 
Moskvada artıq belə deyirlər ki, N.Paşinyanın hakimiyyətdən getməsi bir növ vaxt məsələsidir. Rusiyalı politoloqlar daha Vazgen Manukyanın keçid kabinetini yox, prezident Armen Sarkisyanın idarəçiliyini müzakirə edirlər, hərçənd, sonuncu bu günlərdə özünü həm də xəstəliyə vurub.
Hazırda Qarabağ prosesində kommunikasiyaların açılmasına hazırlıq görülür. Bu, çox vacib məqamdır və biz Paşinyanın və ətrafının məsələ ilə bağlı mövqeyini araşdırmalıyıq. Aydındır ki, Koçaryan və Sarqsyan dəstəsi hakimiyyətə ona görə can atır ki, sülh prosesini böhrana çevirib ziddiyyətləri bir az da dərinləşdirsnlər və Rusiyadan Dağlıq Qarabağçün bir "status” dilənsinlər. Son müsahibələrinin birində Koçaryan belə dedi ki, onlar noyabr sazişinin üzərində işləmək və onu guya təkmilləşdirmək fikrindədirlər. 
Amma ən müxtəlif politoloqların və ya sosioloqların analiz və proqnozları göstərir ki, bu quldur dəstəsi daha hakimiyyət görməyəcək və hazırda Ermənistanda ən təhlükəli siyasi fiqur Armen Sarkisyandır, çünki bu adam siyasi quldurların hakimiyyət çevrilişinə siyasi forma və yaxud "fasad” verə bilər.
Bir sözlə, ordunun qərargah rəisinin məsələsi əsl siyasi aşırıma çevrilib. Paşinyan bu aşrımı aşa bilsə, onda o, ən azı özünün hakimiyyət müddətini başa vura biləcək. Yox, aşa biıməsə, bu halda ən yaxşı ssenari bu olacaq ki, Paşinyan ömrünün qalan hissəsini qürbətdə keçirməli olacaq...