Xəbər lenti

Biz yenə də heç nə öyrənmədik: Dünya yeni pandemiyaya hazırdırmı? - Fukuyama
Dünya06:10 20.04.2023

Biz yenə də heç nə öyrənmədik: Dünya yeni pandemiyaya hazırdırmı? - Fukuyama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Frensis Fukuyama
Amerikalı filosof, politoloq, siyasi iqtisadçı və yazıçı Stenford Universitetində Demokratiya, inkişaf və qanunun aliliyi Mərkəzinin baş elmi işçisi
COVID pandemiyasına və onun bizə öyrətdiyi dərslərə nəzər salaraq silsilə "Dərin dövlət” köşələrimi bitirmək istəyirəm.
"Dərin dövlət” silsilə yazıları, ümumiyyətlə, bürokratik muxtariyyət ideyasını, yəni inzibati dövlətdə bürokratlara Konqres və ya prezident tərəfindən təyin olunan ümumi siyasi rəhbərlik çərçivəsində qərar qəbul etmək azadlığının verilməsi zərurətini müdafiə etmək məqsədi daşıyırdı. Həm muxtariyyət, həm də siyasi nəzarət lazımdır: siyasətçilər qısamüddətli siyasi mənfəət əldə etmək üçün qərarların qəbuluna müdaxilə edə və ekspert məsləhətlərini qulaq ardına vura bilərlər, lakin bürokratlar həddini aşa bilər, ekspertlər isə böyük səhvlərə yol verə bilərlər.
COVID pandemiyası hər iki fenomenin iç üzünü göstərdi. 
Əminliklə demək olar ki, böhranın ilk günlərində əllərin yuyulması, maskalar və sosial məsafə saxlamağı tövsiyə edən ictimai səhiyyə orqanlarına böyük alqış düşür. Kaliforniya ştatının Konstitusiyası, hətta qubernator və ya əyalət qanunverici orqanı tərəfindən ləğv edilə bilməyən ictimai sağlamlığın müdafiəsi ilə bağlı tədbirlərin elan edilməsi səlahiyyətlərini əyalət səhiyyə əməkdaşlarına verir. Bürokratik muxtariyyət ən azı "mavi” ştatlarının (əhalinin əksəriyyətinin demokratları dəstəklədiyi ştatlar – red.) əksəriyyətində hökm sürürdü. 
Ancaq sonrakı iki il ərzində çox şey dəyişdi. İctimai rəy də dəyişdi. Koronavirusun özü daha az ölümcül forma aldı və 2022-ci ilin əvvəlində əhalinin böyük hissəsi peyvənd olunmağa başladı. Həkimlər də xəstəliyi daha ətraflı araşdırdlar. Məsələn, virusun məhz hava damcıları ilə ötürüldüyünü və nəyəsə toxunmaqla yoluxmağın olduqca çətin olduğunu müəyyən etdilər. Təcridin bədəli daha ağır oldu, saysız-hesabsız kiçik müəssisələr müflis oldu və iqtisadiyyat qəfil tənəzzülə girdi.
2022-ci ilə ABŞ və digər ölkələr yenidən açıldı və ictimai rəy yenidən ictimai səhiyyə orqanlarına hörmətə meyl etdi. Pandemiyanın ilk ilində ictimai səhiyyə ilə digər arzu olunan sosial faydalar arasında kompromis ola biləcəyinə dair təklifin necə pisləndiyini və cahil sağçı nöqteyi-nəzər kimi damğalandığını çox yaxşı xatırlayıram. Sağlamlıq tədbirlərinin ən həssas təbəqələrə yönəldilməli olduğunu və adi insanların covid üçün daha yüksək risk səviyyəsini qəbul edə biləcəyini iddia edən Qreyt-Barrinqton bəyannaməsi kimi təşəbbüslər rədd edildi.
Bu gün bu kompromisin legitimliyini şübhə altına almaq çətindir: sıfır covid siyasəti və təklif olunan bütün ictimai səhiyyə tədbirlərinin ən yüksək prioritet olduğu Çin bu cür üsulların Çin vətəndaşlarının həyatına dağıdıcı təsirinə görə qınandı. İsveç Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin rəhbəri Anders Tegnell 2020-ci ildə dünyanın qalan hissəsinin riayət etdiyi ciddi karantin tədbirlərinə əməl etmədiyi üçün tənqid edildi, baxmayaraq ki, nəticədə İsveçdə Covid ölüm nisbəti qonşu dövlətlərdən heç də yüksək deyildi.
Bürokratik muxtariyyət və siyasi nəzarət fonunda bu bizə nə öyrədir?
Birinci dərs elmi ekspertizanın təbiətinə aiddir. Koronavirusun tədqiqi irəlilədikcə, ictimai səhiyyə orqanları yeni araşdırma və sübutlar əsasında maska taxmaq və sosial məsafə kimi tədbirlərə yanaşmalarını dəyişirdilər. Lakin bu dəyişikliklər və ardıcıl olmayan tövsiyələr, Entoni Fauçi (ABŞ prezidentinin səhiyyə üzrə müşaviri – red.) kimi insanları səhiyyə ilə deyil, nəzarətlə maraqlanan dəli bürokrat olmaqda günahlandıran bir çox mühafizəkarların gözündə onları nüfuzdan saldı.
Lakin elmi sübutlara güvənməyin alternativi yoxdur: pandemiya zamanı müxtəlif qruplar, çox vaxt siyasi motivli, hidroksiklorokindən tutmuş ənənəvi Çin dərmanlarına qədər saxta vasitələri təbliğ edirdilər. Ona görə də səhiyyə orqanlarının muxtariyyət və səlahiyyətlərini qorumaq lazımdır.
Digər tərəfdən, aydındır ki, ümumi siyasət təkcə səhiyyə işçiləri tərəfindən hazırlana bilməz. Anders Tegnell (İsveçin baş dövlət epidemioloqu – red.) kimi nümunələr istisna olmaqla, epidemioloqlar ictimai sağlamlıq sahəsində maksimum nəticə əldə etmək üçün siyasətçilərə məsləhət verəcəklər. Lakin bu cür ekspertlər səhiyyə siyasətinin xərclərini digər sosial faydalarla müqayisə etmək və ya bu alternativlər fonunda sağlamlıq riskinin hansı səviyyəsinin məqbul olduğunu söyləmək üçün alətlərə malik deyillər. İdeal bir dünyada, bütün bunlar, mövcud olan ən yaxşı empirik məlumatlardan istifadə edərək müxtəlif faydaları diqqətlə balanslaşdıran siyasi liderlər tərəfindən edilməlidir.
Təəssüf ki, ABŞ-da pandemiyanın ilk ilində belə bir lider olmadı. Əvəzində empirik məlumatlarla maraqlanmayan və özünün yenidən seçilməsini hədəfləyən prezident var idi. Bu, öz növbəsində onun opponentlərinin səhiyyə orqanlarının məsləhətlərinə riayət etmək istəyini ikiqat artırmağa və ekspert məsləhətinin istənilən sorğulanmasını populist cəfəngiyyat kimi qınamağa səbəb oldu.
COVID epidemiyasından bəri heç nə öyrənməmişik və qarşımıza çıxan növbəti epidemiyaya bəlkə də daha da pis hazırlaşırıq. Sağçıların çoxu səhiyyə orqanlarını və ümumilikdə elmi ekspertizanı iblisləşdirərək, onların etibarını sarsıdıb. Bir çox "qırmızı" ştatlar (respublikaçılar – red.) səhiyyə orqanlarına maskalar və sosial uzaqlaşma kimi tədbirləri tövsiyə etməyi qadağan etmək üçün qanunlar icad edir; bir qanun layihəsi hətta mRNA vaksinlərinin təyin edilməsini cinayət hesab edir. Üç il ərzində biz səhiyyə orqanlarına hədsiz hörmətdən onların həddindən artıq siyasiləşməsinə keçə bilmişik.
Bu sahədə yüksək dərəcədə bürokratik muxtariyyət mütləq vacibdir. Növbəti epidemiya çox güman ki, coviddən çox fərqli xüsusiyyətlərə malik olacaq: o, yaşlı insanlara deyil, gənclərə təsir edə bilər, daha yüksək ölümlə əlaqələndirilə bilər və ya başqa yollarla ötürülə bilər. Səhiyyə orqanları öz siyasətlərini tənzimləmək üçün çevikliyə malik olmalıdırlar, lakin bunun əvəzinə onların fəaliyyəti məhdudlaşdırılır. Siyasi liderlərin ən yaxşı elmi dəlillərə və mühakimələrə çıxışı olmalıdır.
Digər tərəfdən, gələcək siyasəti təkcə səhiyyə orqanları müəyyən etməməlidir. Onlar siyasətlə bağlı geniş müzakirələrdə mühüm səslərdən biridir, lakin müəyyən bir cəmiyyət üçün nəyin yaxşı olduğuna dair yalnız müəyyən baxışı təmsil edirlər. ABŞ-ın muxtariyyət və nəzarət arasında düzgün tarazlığı yarada biləcəyi hazırda böyük sual altındadır. 
Tərcümə: Nizami Bağırov
Qaynarinfo