Xəbər lenti

Siyasət 17:49 26.09.2023

"Bizim dinc ermənilərlə problemimiz yoxdur" - Deputat

"Azərbaycan heç bir ermənini köçürmür və "köç get” də demir. Əksinə, onların ərzaq, tibbi xidmət, enerji, yanacaq, təhlükəsizlik və s. təminatlarını təmin edir. Erməni vətənsiz məxluqdur, harda günü xoş keçirsə, gedib orada yaşamaq istəyir. Onu zorla burada saxlayası deyilik ki?”
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bəzi ermənilərin Qarabağdan öz istəklərilə köçməsini şərh edərkən deyib.
 
Deputat bildirib ki, bizim dinc erməni sakinlərlə heç bir problemimiz yoxdur:

"Artıq bir neçə aydır ki, ermənilər, Fransanın prezidenti Emmanuel Makron və Fransanın bir sıra digər dairələri, ABŞ-ın bir neçə ermənipərəst senatoru, Avropa Parlamenti Azərbaycanın guya Qarabağda etnik təmizləmə apardığını, oradakı erməni sakinləri zorla çıxardığını deyərək, ölkəmizə qarşı qara yaxma kampaniyasına başlayıblar. Bunlar hamısı şər və böhtandır. Antiterror əməliyyatı başlamazdan qabaq Azərbaycan Prezidenti də mülki əhaliyə, yaşayış məntəqələrinə, mülki obyektlərə heç bir zərər vurlmayacağı barədə xüsusi tapşırıq verdi. Belə də oldu. Ancaq qısa müddət ərzində ermənilər yenə öz murdar əməllərindən qalmayaraq, Şuşada, Ağdamda dinc insanlarımız yaşayan məntəqələri atəşə tutdu. Yəni, ermənilər özləri etdiyi vəhşiliyi Azərbaycanın adına yazmağa çalışır. Rəsmi Bakı bəyan edib ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib, digər sakinlərimiz kimi yaşaya bilər və onların bütün təminatları ən yüksək səviyyədə təmin olunacaq”. 
 


Deputat qeyd edir ki, ermənilər yaşayış yeri seçməkdə də müstəqildir: 

"Azərbaycan vətəndaşı kimi qalıb yaşamaq istəmirlərsə, kim hara istəyir getməkdə sərbəsdir. Azərbaycan televiziyalarının əməkdaşları Laçın keçid məntəqəsində xeyli sayda ermənidən onlara problem yaradan, çıx deyənlərin olub-olmadığını soruşub. Hamısı da bildirib ki, yaşayış yerlərini müstəqil olaraq seçiblər və heç bir təzyiq də olmayıb. Belə olan halda, bunun əksini uydurmaq ölkəmizə qarşı yönələn şər-böhtan kampaniyasının tərkib hissəsidir. Azərbaycan 30-35 il ərzində ölkəmizə yönəlik haqsız-ədalətsiz şər-böhtan kampaniyalarına qarşı mübarizə aparmaqda artıq ustalaşıb. Onlar nə qədər desələr də, Azərbaycan da onlara haqq-ədalət və hüquqa söykənməklə ədaləti deyir”. 

Qeyd edək ki, son proseslərdən sonra 6500-dən çox erməni Laçın keçidindən istifadə etməklə Qarabağı tərk edib. Bu fonda erməni cəlladları, onları xaricdəki bəzi hamiləri hay-küy qaldırırlar ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə aparır, erməniləri zorla qovur. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->