Xəbər lenti

Biznes psixoloqu: Rəhbərinizin axşam mesajlarına dərhal cavab verməyin
Dünya 18:28 27.06.2026

Biznes psixoloqu: Rəhbərinizin axşam mesajlarına dərhal cavab verməyin

Rəhbər axşam saatlarında və ya istirahət günlərində yazırsa, əməkdaş isə buna dərhal cavab verməyə öyrəşibsə, təcili tapşırıqlarla daimi artıq iş arasındakı sərhəd qısa müddətdə aradan qalxa bilər. 

Qaynarinfo xəbər verir ki, bunu gazeta.ru-ya müsahibəsində biznes psixoloqu, iqtisadçı və iqtisad elmləri namizədi Yekaterina Katalina deyib.

Onun sözlərinə görə, iş vaxtından kənar yazışmalar iş və şəxsi həyat arasındakı tarazlığa, eləcə də insanın sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərir:

"Kiçik addımlarla başlayın: mesajlara dərhal cavab verməyi dayandırın. Görəcəksiniz ki, bazar günü hesabatdakı səhvi axtarmağa tələsməsəniz də, dünya dağılmayacaq".

Psixoloqun sözlərinə görə, problem çox vaxt mesajın özündən deyil, ona verilən avtomatik reaksiyadan qaynaqlanır. Telefon titrəyən və rəhbər yazan kimi insan narahat olmağa başlayır: bəlkə məsələ təcilidir, bəlkə cavab verməmək olmaz, bəlkə sonra əlçatan olmadığı deyiləcək.

Katalina əvvəlcə mesajın məzmununu qiymətləndirməyi tövsiyə edir. O bildirir ki, əməkdaş özünə belə suallar verməlidir: Bu, maliyyə, təhlükəsizlik, layihənin başlanması və ya vacib son tarixlə bağlı həqiqətən fövqəladə vəziyyətdirmi? Yoxsa rəhbərin gələcək üçün qeydi, hansısa məqaləyə keçid, çərşənbə axşamı keçiriləcək görüşlə bağlı xatırlatma və ya dizayn barədə düşünmək xahişidirmi?

Onun fikrincə, ikinci halda gecə saat 23:00-da cavab verməyə ehtiyac yoxdur.

"Bütün xırda qeydləri və xahişləri rahatlıqla sonraya saxlamaq olar. Əlbəttə, fövqəladə hallar olur, amma bunlar istisnadır", deyə ekspert vurğulayıb.

Əgər telefona ümumiyyətlə baxmamaq çətindirsə, psixoloq cavabı tədricən gecikdirməyi məsləhət görür. O, əvvəlcə 20–30 dəqiqə gözləməyi, sonra təcili olmayan məsələləri növbəti iş gününə saxlamağı, daha sonra isə zərurət olmadıqca istirahət günlərində iş çatlarını açmamağı tövsiyə edir.

Onun sözlərinə görə, bildirişləri söndürmək kapriz deyil, şəxsi vaxta nəzarəti bərpa etməyin yollarından biridir. Bu halda insan elektron poçtu və ya messenceri hər bildiriş gəldikdə deyil, buna hazır olduğu vaxt açır.

Əgər cavab verməmək mümkün deyilsə və ya rəhbər israrla yazmağa davam edirsə, Katalina sakit şəkildə cavab verməyi, lakin tapşırığın icrasına dərhal başlamamağı tövsiyə edir. O, mesajın alındığını təsdiqləməyi və ətraflı cavabın növbəti iş vaxtında veriləcəyini bildirməyi məsləhət görür.

Məsələn, axşam saatlarında hesabatdakı göstəricilərin yenidən yoxlanılması xahişi gəldikdə belə cavab vermək olar:

"Tapşırığı aldım. Bazar ertəsi səhər məsələyə təzə baxışla yanaşacağam. Bu, daha dəqiq və səmərəli nəticə əldə etməyə kömək edəcək. Sizə xoş istirahətlər arzulayıram".

Ekspert hesab edir ki, belə hallarda istirahət hüququna deyil, görüləcək işin keyfiyyətinə istinad etmək daha məqsədəuyğundur. Onun fikrincə, narahat xarakterli rəhbərlər bəzən istirahətin əhəmiyyətini kifayət qədər qiymətləndirməsələr də, dəqiqlik, diqqət və səhv riskinin azalması kimi arqumentləri daha asan qəbul edirlər.

Aydın

--> -->