Rusiyanın Yaroslavl vilayətində bir müəssisənin işçiləri rəhbərlərini gəzdirmək üçün qul obrazına girib.
Qaynarinfo xəbər verir ki, "Yaroslavl Broyler"in sahibinın 42 yaşının qeyd olunduğu məclisin fotoları "VKontakte" yayılıb.
Şənlikdən olan fotoşəkillərdən göründüyü kimi, qədim Misir qullarını təsvir edən dörd kişi firon paltarı geyinmiş öz müdirini arabada aparır. Bayram yürüşünü şirkətin digər əməkdaşları tamamlayıb. Onlar da tematik geyimlər geyinib, əllərində nağara ilə yürüş ediblər.
Daha sonra "Yaroslavl Broyler" şirkətinin nümayəndələri fotoya münasibət bildirib. Şirkətdən deyilib ki, Müəssisələr Günü ənənəvi olaraq istirahət günü qeyd olunur və bu il bayramın tarixi İdarə Heyətinin sədri Elman Əzizovun doğum gününə təsadüf edib.
"Təbrik hissəmizin Elman Nazifoviç üçün sürpriz olmasını təmin etməyə çalışırıq, ona görə də hazırlıq ayları ərzində təbrikin bütün təfərrüatlarını gizli saxladıq. Və hər dəfə onun sürprizimizə reaksiyasını böyük həyəcanla gözləyirik. Bu il biz qədim Misir mövzusunu rənglərinə və təntənəsinə görə seçdik. Təbii ki, ad günü sahibi həmişə bizim təşəbbüsümüzdə iştirak edir və bizim "qaydalarımızı" qəbul edir. Biz sözün əsl mənasında girişdə onun yolunu kəsdik, ondan maşından düşməsini istədik, bayram temalı kostyum geyindik və təbrik hissəsinə teatrlaşdırılmış tamaşa ilə başladıq", deyə məlumatda bildirilir.
Bayramın təşkilatçılarının sözlərinə görə, bu cür rollu oyunlar insanların əhval-ruhiyyəsini yaxşılaşdırıb və komanda birliyinin möhkəmlənməsinə kömək edib.
Aydın