ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, respublikaçı Donald Trampın rəhbərlik etdiyi yeni Ağ Ev administrasiyası Rusiya-Ukrayna müharibəsinin başa çatması və davamlı sülhün bərqərar olması üçün Ukraynaya əlverişli razılaşma əldə etmək üçün bütün zəruri imkanlara malikdir.
Qaynarinfo "Avropa Həqiqəti"nə istinadla xəbər verir ki, Blinken bu sözləri mətbuat konfransında
səsləndirib.
Blinken qeyd edib ki, Co Bayden administrasiyasının həyata keçirdiyi tədbirlər nəticəsində "Putinin Ukraynanı xəritədən silmək, onu Rusiyanın tərkibinə daxil etmək və imperiya planlarını həyata keçirmək məqsədi reallaşmayıb".
"Ukrayna hələ də dayanır və bu, bütün bunların ən vacibidir", – deyə Blinken vurğulayıb.
O, həmçinin Rusiya iqtisadiyyatına təsirlərinin müşahidə edildiyini bildirib:
"Biz onun gələcəyinə, vacib sahələrə investisiya qoymaq imkanına təsir etdiyini görürük. Bu sahələr Rusiya üçün güc mənbəyi ola bilərdi".
Dövlət katibi əlavə edib ki, mövcud administrasiyanın Rusiyaya tətbiq etdiyi yük daha da ağırlaşır.
"Yeni administrasiya elə bir vəziyyətdədir ki, əgər və nə vaxt ukraynalılar (danışıqlar aparmaq barədə) qərar verərsə, onlara yaxşı razılaşma əldə etməkdə kömək edə bilər", – deyə Blinken bildirib.
Blinken Trampın hər zaman "yaxşı razılaşmalardan" danışdığını və indi bu razılaşmaları həyata keçirmək üçün ona imkan yaradılacağını vurğulayıb.
Blinken həmçinin yaxşı razılaşma əldə etmək üçün atəşkəsin dayanıqlı və davamlı olmasının vacibliyini bildirib:
"Bu, Putinə dincəlmək, silahlanmaq və yenidən təcavüzə başlamaq üçün imkan verməməlidir".
Dövlət katibi qeyd edib ki, hər hansı bir atəşkəs effektiv caydırıcı mexanizmləri də ehtiva etməlidir ki, bu, Putinə yenidən hücum etməyə imkan verməsin.
O vurğulayıb ki, bunu həyata keçirmək üçün bir çox yollar mövcuddur və hazırkı administrasiya bunu Avropa tərəfdaşları ilə müzakirə edib, həmçinin gələcək Tramp administrasiyası ilə də bölüşüb.
Sonda Blinken ümid etdiyini bildirib ki, ABŞ-ın növbəti rəhbərliyi indiyə qədər əldə edilən nailiyyətləri davam etdirəcək və Ukraynanın təkcə mövcud olmasını deyil, həm də həqiqətən inkişaf etməsini təmin edəcək.
Tramp daha əvvəl Rusiya-Ukrayna müharibəsini həll etmək cəhdlərində "Ukraynanı tək qoymayacağına" dair vədlər verib.
Ukraynanın Avropa müttəfiqləri isə ehtiyatlı optimizmlərini ifadə edərək, Trampın Kiyevi Rusiyayla erkən danışıqlara məcbur etməyəcəyinə ümid edirlər.
Bayden isə vida çıxışında NATO-nu gücləndirmək və Ukraynanı dəstəkləməyi öz xarici siyasət nailiyyətləri arasında qeyd edib.
Alpər
Şərhlər