"ABŞ rəsmisinin Çinə səfərində daha çox ölkələrarası münasibətlərin normallaşmasının yeni bir yol xəritəsi ətrafında fikir mübadiləsi aparıla və müəyyən aralıq nəticələr əldə oluna bilər”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev ABŞ dövlət katibi Entoni Blinkenin iyunun 16-da Şinə olacaq səfərini şərh edərkən deyib.
"Amerika Çin münasibətləri hər hansı bir hadisə ilə daha da kəskinləşə və yaxud yumşala da bilər. 10 ildən artıqdır ki, ABŞ Çinə özünün qlobal rəqibi kimi baxır. Bu mənada belə səfərlər Vaşinqtonla Pekin arasında münasibətlərin birdəfəlik müsbət həllinə və ya tamamilə pisləşməsinə gətirib çıxaracaq gücdə deyil. Mövcud problemləri bir neçə səfərlə, xüsusilə də nəzərə alsaq ki, səfər edən dövlət başçısı deyil, xarici siyasətə başçılıq edən şəxsdir, həll etmək mümkün deyil”, - politoloq deyib.
Həmsöhbətimiz Tayvan məsələsində iki ölkə arasında münasibətlərin gərgin olduğunu xatırladıb:
"Xüsusən də Tayvan məsələsində iki ölkə arasında münasibətlər gərgindir. ABŞ-ın təşkilatçılığı ilə Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiyanın iştirakı ilə hərbi blokun yaradılması, ona adekvat olaraq Çinin Rusiya ilə hərbi təlimlər keçirməsi onu göstərir ki, Vaşinqtonla Pekin arasında münasibətlər bir-birinə qarşı kifayət qədər aqressiv səviyyədədir. Bununla belə, baş verəcək səfər də qeyri-ixtiyari atılan addımlar da deyil. Heç şübhəsiz ki, səfirliklər, XİN-in alt qrupları səviyyəsində hazırlıq işləri aparılır”.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken iyunun 16-dan etibarən Çinə səfər edəcək. Bu səfər çoxdan reallaşmalı olsa da, ABŞ hava məkanında Çinə məxsus casus şarının aşkarlanması hadisəsilə bağlı xeyli müddətə təxirə salınmışdı.
Rüfət Sultan