"Blinkenin İsrailə səfərindən sonra da İsrail müharibəni davam edəcəksə, deməli, müzakirə mövzusu bu məsələ olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev ABŞ dövlət katibi Entoni Blinkenin İsrailə səfərini şərh edərkən deyib.
Elşən Mustafayev bildirib ki, İsrail dövlətinin yaranması və onun mühafizəsində ABŞ mühüm rol oynayıb:
"İsrailin təhlükəsizliyinə zəmanət verən də Vaşinqtondur. Son hadisələrin başlandığı ilk anlardan ABŞ bütün gücü ilə İsrailin yanında olub. Ona görə də Blinkenin İsrailə səfəri gözlənilən idi. Görünür, əvvəl telefon danışıqları olub, ardınca canlı görüşə ehtiyac yaranıb".
Ekspert qeyd edib ki, hərbi əməliyyatlar davam edə və Qəzza bölgəsi İsrailin nəzarətinə keçə bilər:
"HƏMAS-ın addımından sonra İsrailin yaxın zamanda Fələstin muxtariyyətilə sülh sazişinə getməsi tamamən arxa plana keçdi. Baş nazir Bennamin Netanyahu da bildirdi ki, hər hansı danışıqlardan söhbət gedə bilməz. Mövcud vəziyyətdə müharibə davam edəcəksə, İsrail çalışacaq ki, tam olaraq Qəzzanı öz nəzarətinə alsın və HƏMAS-ı konkret olaraq məhv etsin. Yaranmış situasiyada hətta Mahmud Abbas hökumətinin iqtidarda qalıb-qalmaması məsələsi də gündəmdə olacaq. Ona görə də Blinkinen səfərindən sonra İsrailin baş verəcək hadisələrlə bağlı hansı mövqe və planların olması əsas müzakirə mövzusudur. HƏMAS sülh danışıqlarına getməyi təklif edib, amma Təl-Əviv rədd edib. Bu isə o deməkdir ki, müharibə labüddür. Onun nəticəsi də Qəzzanın tam olaraq İsrailin nəzarətinə götürülməsi olacaq”.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib. Səfər oktyabrın 11-12-də olacaq.
Rüfət Sultan