İran Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsrailə qarşı vahid müttəfiq cəbhəsi yaradır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"
yazıb.
"Tehran istənilən zərbələrə aqressiv cavab verməklə hədələməklə yanaşı, bütün mümkün regional dəstəyi təmin etmək və İsrailin Qəzza zolağında və Livanda hərbi əməliyyatlarına qarşı vahid cəbhə yaratmaq üçün diplomatik səylər göstərir", deyə nəşr yazıb.
Qeyd olunur ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə tura çıxıb və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşüb. O, tez-tez Tehran və Vaşinqton, son vaxtlar isə İsrail və HƏMAS arasında vasitəçi kimi çıxış edən Qətərə də səfər edib.
Bundan başqa İran prezidenti Məsud Pezeşkian Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Rusiya Federasiyasını İsrailin hərəkətlərinə daha fəal müqavimət göstərməyə çağırıb.
CNN isə İran hökumətinin İsrailin cavab hücumuna hazırlıq məqsədilə Yaxın Şərq ölkələri ilə təcili diplomatik səylərini artırdığını
yazıb. Vəziyyətlə tanış olan mənbələr telekanala bildirib ki, Tehran oktyabrın əvvəlində Vaşinqtonun yəhudi dövlətini hücuma cavab verməməyə inandırmaq qabiliyyətinə inamını itirməyə başlayıb. Söhbət İsrail hərbçilərinin İrandakı nüvə və neft obyektlərinə mümkün hücumlarından gedir.
Mənbələr onu da qeyd ediblər ki, son vaxtlar "Hizbullah" hərəkatı yəhudi dövlətinin ordusu tərəfindən mütəmadi olaraq hücuma məruz qalıb. Bu səbəbdən qrup xeyli zəifləyib.
"İran hökuməti son dərəcə əsəbidir və Yaxın Şərq ölkələri ilə İsrailin cavabının miqyasını azalda biləcəklərini qiymətləndirmək üçün təcili diplomatik səylər göstərir", deyə materialda qeyd edilir.
Aydın
Şərhlər