Dünya 12:41 17.02.2023

BMT baş katibi Türkiyə üçün 1 milyard dollar toplamağa çağırış etdi

BMT-nin baş katibi Antonio Quterreş Türkiyədə güclü zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım göstərmək üçün 1 milyard dollar toplanması lazım olduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.

"Bu gün BMT yüzilliyin ən dağıdıcı zəlzələsində zərər çəkmiş Türkiyədə yaşayan insanlara 1 milyard dollarlıq humanitar yardım toplamaq üçün müraciət edir”, - deyə baş katib bildirib.

Bildirilir ki, bu vəsait 3 ay ərzində 5,2 milyon insana yardım göstərməyə və Türkiyədə humanitar təşkilatların işini sürətləndirməyə kömək edəcək.

"Beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinin nəticələrinin aradan qaldırılması üçün səyləri gücləndirməyə və kritik səyləri tam maliyyələşdirməyə çağırıram”, - bəyanatda deyilir.

Fevralın 6-na keçən gecə Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib, ardınca birinin maqnitudası 7,6 olan bir sıra əks-sədalar baş verib. Bu zəlzələ qonşu Suriyada ciddi dağıntılara və tələfatlara səbəb olub.

Alpər