Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni hesabatı şirin su ehtiyatlarının özünü bərpa edə bilməyəcək sürətlə tükəndiyini və dünyanın artıq müvəqqəti "su böhranı” deyil, davamlı "su iflası” mərhələsinə daxil olduğunu ortaya qoyur.
Qaynarinfo xəbər verir ki, hesabata əsasən, hər il 4 milyard insan ciddi su qıtlığı ilə üzləşir, mövcud tendensiya isə qlobal ərzaq təhlükəsizliyi və böyük şəhərlər üçün "sıfırıncı gün” riskini sürətlə artırır.
Hesabatda dünya üzrə şirin su ehtiyatlarının geri dönülməz bir həddi aşdığı vurğulanır. Sənəddə qeyd olunur ki, insanlıq şirin su sistemlərini onların özünü yeniləmə qabiliyyətindən daha sürətlə istehlak edir və bu səbəbdən bir çox regionda qalıcı itkilər baş verir.
BMT Universiteti tərəfindən yayımlanan hesabatda mövcud vəziyyətin artıq "su böhranı” və ya "su stresi” anlayışları ilə izah edilə bilməyəcək qədər ağır olduğu qeyd olunub.
Bu, böhran deyil, iflasdır
BMT Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru və hesabatın baş müəllifi Kaveh Madani problemin miqyasının istifadə olunan terminlərlə belə gizlədildiyini bildirib. Madani qeyd edib ki, bu vəziyyətə böhran deyilməyə davam edildikdə, onun müvəqqəti bir şok olduğu və asanlıqla aradan qaldırıla biləcəyi təəssüratı yaranır. Onun sözlərinə görə, iflas mərhələsində əsas məsələ təkcə mövcud şəraiti yaxşılaşdırmaq deyil, eyni zamanda əvvəlkindən daha məhdud imkanlara malik yeni reallığa uyğunlaşmaqdır.
Hesabatda təqdim olunan rəqəmlər vəziyyətin miqyasını açıq şəkildə göstərir:
* 1990-cı ildən bu yana dünyadakı iri göllərin 50 faizdən çoxu su itirib
* Yeraltı su ehtiyatlarının əsas hissəsini təşkil edən akiferlərin 70 faizi uzunmüddətli azalma tendensiyasındadır
* Son 50 ildə "Avropa İttifaqı”nın ərazisinə bərabər ölçüdə bataqlıq və sulak ərazi yox olub
* Buzlaqlar 1970-ci ildən bəri təxminən 30 faiz kiçilib
Madani vurğulayıb ki, bir çox region artıq öz hidrologiya imkanlarından kənar yaşayır və keçmiş şərtlərə qayıdış real deyil.
4 milyard insan su qıtlığı ilə üz-üzədir
Hesabata əsasən, dünya əhalisinin təxminən 4 milyardı hər il azı bir ay ciddi su çatışmazlığı yaşayır. Ümumilikdə 6,1 milyard insan şirin su ehtiyatlarının "təhlükəli” və ya "son dərəcə təhlükəli” hesab edildiyi ölkələrdə yaşayır.
Bu vəziyyətin təkcə ekoloji deyil, eyni zamanda ağır humanitar nəticələr doğurduğu qeyd olunur.
Ən böyük risk kənd təsərrüfatı və yeraltı sularla bağlıdır
BMT-nin məlumatlarına görə, qlobal su istifadəsinin təxminən 70 faizi kənd təsərrüfatında suvarmaya sərf olunur. Bu həcmin 40 faizi isə özünü bərpa etməyən dərin yeraltı su ehtiyatlarından götürülür.
Hesabatda xəbərdarlıq edilir ki, bu temp davam edərsə, təkcə su təhlükəsizliyi deyil, qlobal ərzaq sistemləri də ciddi çöküş riski ilə üzləşə bilər.
Sənədə əsasən, dünya quru səthinin təxminən 5 faizində suyun həddindən artıq çəkilməsi nəticəsində torpaq çökməsi müşahidə olunur.
Hesabatda böyük şəhərlərdə "sıfırıncı gün” adlandırılan, su təchizatı sistemlərinin tam fəaliyyətini dayandırması riskinin sürətlə artdığına diqqət çəkilir. Xüsusilə İranın paytaxtı Tehran nümunə göstərilərək, bəzi bölgələrin boşaldılması və ya paytaxtın köçürülməsi kimi fövqəladə ssenarilərin artıq müzakirə edildiyi xatırladılır.
BMT-dən çağırış: Uzunmüddətli strategiya zəruridir
Hesabatda fövqəladə vəziyyətlərə yönəlik qısamüddətli yanaşmalardan imtina edilərək, uzunmüddətli və davamlı su idarəçiliyi strategiyalarına keçidin vacibliyi vurğulanır. Tövsiyələr arasında aşağıdakılar yer alır:
* Kənd təsərrüfatında məhsul strukturunun dəyişdirilməsi və səmərəli suvarma texnologiyalarının tətbiqi
* Süni intellekt və məsafədən müşahidə sistemləri vasitəsilə su ehtiyatlarının izlənməsinin gücləndirilməsi
* Çirklənmənin azaldılması, yeraltı suların və sulak ərazilərin qorunması
Araşdırmaçılar suyun siyasi ayrılıqları aşa biləcək bir mövzu olduğunu və parçalanmış dünyada körpü rolunu oynaya biləcəyini vurğulayırlar.
BMT hesabatı iqlim dəyişikliklərinin məhdudlaşdırılmasının həm insanlar, həm də ekosistemlər üçün kifayət qədər su təminatında həlledici əhəmiyyət daşıdığını bir daha ön plana çıxarır.
Aydın
Şərhlər