İsrail ordusunun fələstinlilərə təhlükəsizlik zəmanəti vermədən Qəzza zolağının şimalından cənuba təxliyəsi üçün verdiyi ultimatum "müharibə cinayətinə bərabərdir”.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA)
bildirib.
"İsrailin bir milyondan çox fələstinlini 24 saatdan az müddətdə Qəzzanın şimalını tərk etməsi çağırışından şoka düşdük. Biz dünya liderlərini Fələstin xalqına humanitar yardım çatdırmaq üçün İsraildən dərhal bu əmri ləğv etməyi və Qəzzanın blokadasını aradan qaldırılmasını tələb etməyə çağırırıq”, deyə BMT vurğulayıb.
O, həmçinin qeyd edib ki, bölgənin mülki əhalisi bir həftədən artıqdır davam edən "İsrail hava və dəniz qüvvələrinin ayrıseçkilik etmədən bombardmanlarından” əziyyət çəkməyi dayandırmalıdır.
Bundan əlavə, BMT beynəlxalq və milli təşkilatların, eləcə də medianın məlumatlarına istinad edərək, İsrailin cənuba açdığı humanitar dəhlizin təhlükəli olduğunu və hücumlara məruz qaldığını bildirib. Belə ki, oktyabrın 14-də təxliyyə etməyə çalışan 70 mülki şəxs top atəşləri nəticəsində həlak olub. Bu arada İsrail ordusunun sözçüsü Conatan Konrikus hücumda HƏMAS-ı günahlandırıb.
BMT qeyd edib ki, oktyabrın 7-də yaraqlıların hücumuna cavab olaraq Qəzza zolağının bombalanması nəticəsində 2300-dən çox fələstinli həlak olub, yaşayış binaları, xəstəxanalar, məktəblər, elektrik və su təchizatı obyektləri dağıdılıb - bu da "beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
İsrail oktyabrın 13-də Həmas-a qarşı quru əməliyyatına hazırlaşarkən fələstinlilərə Qəzza zolağının şimalını boşaltmağı əmr edib. Əvvəlcə bunun üçün bir gün vaxt verildi, lakin sonra bir neçə dəfə müddətlər dəyişdirilib.
BMT daha sonra qeyd edib ki, bu qədər insanı bu qədər qısa müddət ərzində evakuasiya etmək "dağıdıcı humanitar nəticələr” olmadan mümkün deyil və İsraili müharibə qaydalarını pozmaqda ittiham edib.
Buna cavab olaraq ölkə prezidenti İsaak Hersoq bildirib ki, İsrail "beynəlxalq hüquq əsasında fəaliyyət göstərir və hər bir əməliyyat bütün lazımi hörmətlə dəstəklənir, hesabat verilir və hüquqi baxımdan baxılır”.
Oktyabrın 15-də İsrail ordusunun sözçüsü Daniel Haqari 600 min fələstinlinin Qəzzanın cənubuna köçdüyünü bildirib. O, İsrail ordusunun yaxın günlərdə bölgənin şimal hissəsinə güclü hücumlara başlayacağı barədə xəbərdarlıq edib.
Nizami Bağırov