Birləşmiş Millətlər Təşkilatı Qəzzadakı xəstəxanaya hücumla bağlı öz araşdırmasını apara bilər.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.
"BMT şübhəsiz ki, öz təhqiqatını aparmaq istəyəcək. Və bu, çox yaxın vaxtlarda və çox tez aparılmalıdır", - Qriffits bildirib.
Partlayışda fələstinli yaraqlıların məsuliyyət daşıdığına dair İsrailin sübutlarını qəbul edib-etmədiyini soruşduqda, baş katibin müavini belə cavab verib: "Bu, mənə aid deyil, çünki mən insan hüquqlarının pozulması və bu cür vəhşilikləri qiymətləndirməsi işi ilə məşqul deyiləm".
Onun sözlərinə görə, BMT-nin təhqiqatı vacib dərslərin çıxarılmasına kömək etməlidir ki, "başqa xəstəxanada, başqa məktəbdə, insanların gizləndiyi başqa müəssisədə belə hal təkrarlanmasın”.
Qriffits həmçinin xatırladıb ki, beynəlxalq humanitar hüquq mülki hədəflərə hava hücumlarını qadağan edir.
Xatırladaq ki, oktyabrın 17-də axşam saatlarında HƏMAS İsrailin Qəzza zolağındakı Əl-Əhli xəstəxanasını vurduğunu açıqlayıb. Yaraqlılar xəstəxanada 500-ə yaxın ölü və yüzlərlə mülki vətəndaşın yaralandığını iddia ediblər.
İsrail də öz növbəsində ittihamları rədd edib və mülki xəstəxanaya hücumda iştirakının olmadığını əmin edib. İsrail Ordusu partlayışın "İslami cihad” tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini iddia edir.
Nizami Bağırov