Dünya 11:40 24.06.2022

BMT TŞ üzvləri: "Əfqanıstanda qadınlar və qızlar repressiyaya məruz qalır, oğurlanır, öldürülür..."

BMT Təhlükəsizlik Şurasının doqquz üzvü Əfqanıstanda qadınların hüquqlarının pozulması ilə bağlı birgə bəyanat yayıb.

Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər verir.

Albaniya, Braziliya, Fransa, İrlandiya, Keniya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya "Qadınlar, Sülh və Təhlükəsizlik” adlanan bəyanatda deyilir: 

"Taliban 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra qadınlar sistemli şəkildə ictimai həyatdan kənarlaşdırılır. Əfqanıstanda nümayişlərdə iştirak edən qadınlar və qızlar zorakılıqla repressiyaya məruz qalır, oğurlanır, öldürülür və ya digər zorakılıqlara məruz qalırlar. Təəssüf ki, beynəlxalq ictimaiyyətə və Əfqanıstan xalqına verilən vədlərə, götürülən öhdəliklərə baxmayaraq, altıncı sinifdə oxuyan qızlar təhsildən məhrum edilir". 

Bəyanatı imzalayanlar Taliban hökumətini qadınlara qarşı siyasətini dəyişməyə çağırıb:

"İnkar etmək olmaz ki, gender bərabərliyi, qadınların və qızların hüquqlarının təmin olunması Əfqanıstanın dayanıqlı iqtisadi inkişafına nail olmaq üçün vacibdir. Qadınlar işə qayıtmadan, qızlar məktəbə getmədən Əfqanıstanda sağlam mühitin formalaşması mümkün deyil. Təhsil, iş və hərəkət azadlığı təmin edilməli, insan hüquqlarına hörmət edilməli və qorunmalıdır".

M.Arif