"BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması, amma onlara veto hüququnun verilməməsi yarımçıq islahat çağırışı kimi qiymətləndirilməlidir”. Bunu Qaynarinfo-ya açıqlamasında bunu hüquqşünas Qulamhüseyn Əlibəyli Bayden adminstrasiyasının BMT TŞ-də islahaltlar planı hazırlamasına münasibət bildirərkən deyib. "Bütövlükdə mexanizmin özü yenidən işlənməlidir. Rusiyanın Ukraynaya təcavüzü göstərdi ki, artıq BMT təhlükəsizlik amilində ciddi rol oynaya bilmir. Ona görə də elə bir islahat aparılmalıdır ki, o dünyada sülh və təhlükəsizliyi təmin etmək gücünə malik olsun. Prinsip etibarı ilə, BMT-də islahatların aparılması daha məqsədəuyğundur”,- deyə Q. Əlobəyli vurğulayıb.
Həmsöhbətimiz dünyada yaranmış mövcud geosiyasi reallıqları nəzərə almadığından ABŞ-ın bu təklifinin o qədər də məqbul olmadığı qənaətindədir:
"Bu təkliflərdə türk dilli dövlətlərə yer ayrılmır. Halbuki artıq Türkiyə dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Bu mənada TŞ-də Ankaranın da təmsil olunması məqsədəuyğundur”.
Hüquqşünas təklifin gerçəkləşəcəyini də düşünmür. "ABŞ-ın bu planının gerçəkləşməsi üçün BMT-nin nizamnaməsi dəyişməlidir. Lakin Rusiyanın həmin təklifə qarşı çıxacağını düşünürəm. O bu fonda özünün veto hüququndan istifadə edəcək”, - deyə Q.Əlibəyli vurğulayıb.
Qeyd edək ki, "The Washington Post” qəzetinin məlumatına görə, ABŞ prezidenti Co Bayden administrasiyasının BMT Təhlükəsizlik Şurasında islahatlar planı hazırlayıb. Plana görə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı daha 6 yer artırılmalıdır. Amma BMT Təhlükəsizlik Şurasının yeni daimi üzvlərinin veto hüququ olmayacaq. Nəşrin məlumatına görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild dünya liderlərinin payızda Nyu-Yorkda keçiriləcək illik toplantısı ərəfəsində Təhlükəsizlik Şurasının genişləndirilməsi layihəsi ilə bağlı rəy almaq üçün BMT-yə üzv 193 ölkənin diplomatları ilə məsləhətləşmələr aparır. Vaşinqton bundan əvvəl Almaniya, Hindistan və Yaponiyanın BMT TŞ-yə daimi üzv qəbul edilməsinin tərəfdarı olub. Bu ideyanı Braziliya və ən azı bir Afrika ölkəsinə qurumda daimi yer verməyi təklif edən Fransa və Böyük Britaniya da dəstəkləyir.
Rüfət Sultan