İnsanlar çox vaxt gündəlik həyat tərzinin böyrəklərin sağlamlığına təsiri barədə düşünmürlər. Halbuki qidalanma seçimi bu orqanların fəaliyyətində mühüm rol oynayır. Böyrəklər qandan tullantıları və artıq mayeni süzərək xaric edir. Eyni zamanda qanda suyun, duzların və natrium, fosfor, kalsium, kalium kimi mineralların balansını qorumağa kömək edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu balans sinirlərin, əzələlərin və digər toxumaların normal fəaliyyətini təmin etmək üçün vacibdir.
Nefroloq, tibb elmləri doktoru Loren Rinq bildirib:
"ABŞ-da böyrək çatışmazlığının əsas səbəbləri diabet, yüksək qan təzyiqi, ürək xəstəlikləri və piylənmədir. Bu xəstəliklərə nəzarət etməyin və böyrək çatışmazlığının qarşısını almağın ən təsirli yollarından biri sağlam qidalanmaya riayət etməkdir.".
Kalium böyrəklərin sağlamlığına necə təsir edir?
Kaliumla zəngin qidalanma həm yüksək qan təzyiqindən əziyyət çəkən, həm də bu problemi olmayan insanlarda arterial təzyiqin aşağı salınmasına kömək edə bilər.
Böyrək xəstəlikləri üzrə ixtisaslaşmış dietoloq Cen Ernandes bildirib:
"Bu, böyrəklərin sağlamlığı üçün xüsusilə vacibdir. Çünki yüksək qan təzyiqi xroniki böyrək xəstəliyinin ikinci ən geniş yayılmış səbəbidir. Eyni zamanda böyrək xəstəliyi olan insanların hipertoniya riski də daha yüksək olur".
Kalium böyrək xəstəliyi riskini azalda bilər
Araşdırmalar göstərir ki, sağlam insanlarda daha çox kalium qəbul edənlərin gələcəkdə xroniki böyrək xəstəliyinə tutulma riski daha aşağı olur.
300 mindən çox sağlam insanın iştirak etdiyi tədqiqatın nəticələrinə əsasən, ən çox kalium qəbul edən şəxslərdə xroniki böyrək xəstəliyinin inkişaf riski digərləri ilə müqayisədə 20 faiz aşağı olub.
Bununla belə, böyrək funksiyası pozulmuş insanlar qandakı kalium və artıq mayeni xaric etməkdə çətinlik çəkə bilərlər. Bu səbəbdən onlara kalium qəbulunu məhdudlaşdırmaq tövsiyə oluna bilər.
Loren Rinq xəbərdarlıq edib:
"Kaliumun səviyyəsi həddindən artıq yüksəldikdə ürəkbulanma, əzələ zəifliyi yarana və hətta həyati təhlükə yarada bilər. Kalium qəbulunun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması ilə bağlı qərar verməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır".
Kalium böyrək daşlarının yaranmasının qarşısını almağa kömək edə bilər
Kaliumla zəngin meyvə və tərəvəzlərin qəbulu, eləcə də kalium əlavələri böyrək daşlarının əmələ gəlməsi riskini azalda bilər.
Tərkibində çoxlu maye olan meyvə və tərəvəzlər sidik həcmini artırır ki, bu da böyrək daşlarının yaranmasının qarşısının alınmasına kömək edir.
Araşdırmalar həmçinin göstərir ki, kalium sitrat əlavələri sidikdə sitratın miqdarını artırır. Bu isə kalsium oksalat və kalsium fosfat kristallarının əmələ gəlməsinin qarşısını almağa kömək edir.
Məqalədə vurğulanır ki, gün ərzində müxtəlif bitki mənşəli qidaların qəbul edilməsi orqanizmin kalium və digər vacib qida maddələrinə olan tələbatını ödəməyə, həmçinin bağırsaq mikrobiomunun və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edir.
Aydın
Şərhlər