Xəbər lenti

Böyük alman şirkətlərinə Rusiya ilə müharibəyə hazırlaşmaq tapşırıldı
Dünya 13:06 20.11.2024

Böyük alman şirkətlərinə Rusiya ilə müharibəyə hazırlaşmaq tapşırıldı

Almaniya silahlı qüvvələri (Bundesver) Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq üçün şirkət nümayəndələri ilə maarifləndirmə işlərinə başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung” (FAZ) yazıb.

Nəşrin məlumatına görə, hökumət hərbi müdaxilə halında "Almaniya Əməliyyat Planı” adlı məxfi sənəd hazırlayıb. Xüsusilə, hərbi məqsədlər üçün xüsusi mühafizə tələb edən bütün strukturları və infrastruktur obyektlərini sadalayır. Sənəddə müdafiə halında müfəssəl tədbirlər planı da var.

Bundan əlavə, Şərqi Avropada Rusiya ilə NATO arasında birbaşa toqquşma olacağı təqdirdə xüsusi plan nəzərdə tutulur. Belə olan halda Almaniya cəbhəyə köçürülməli olan əsgərlər, eləcə də hərbi texnika, ərzaq və dərmanlar üçün nəqliyyat mərkəzinə çevrilməlidir. Bütün sənəd təxminən min səhifə tutur.

Alman şirkətlərini mümkün hərbi münaqişəyə hazırlamaq üçün ilk tədbir Hamburq Ticarət və Sənaye Palatası tərəfindən keçirilib. Nəşrin məlumatına görə, regional komandanlığın rəhbəri polkovnik-leytenant Yorn Plişke biznes nümayəndələri üçün konkret tövsiyələr səsləndirib.

"Hər yüz işçi üçün ehtiyacınız olmayan ən azı beş əlavə yük maşını sürücüsü yetişdirin. Alman yollarında bütün yük maşınlarının 70%-i Şərqi Avropadan olan insanlar tərəfindən idarə olunur. Müharibə olacaqsa, bu insanlar harada olacaqlar", deyə hərbçi sual ünvanlayıb. 

Onun sözlərinə görə, müəssisələr avtonom enerji mənbələrinə, məsələn, dizel generatorlarına və ya öz külək turbinlərinə keçməlidirlər.

Plişke əlavə edib ki, Rusiya kəşfiyyat məqsədilə pilotsuz uçuşlar həyata keçirməklə, təxribatla məşğul olmaqla, kiberhücumlar təşkil etməklə və alman şirkətlərinin top-menecerlərinə sui-qəsd planları hazırlamaqla Almaniya ilə münaqişəyə hazırlaşır. Polkovnik-leytenant Almaniyanın hərbi texnika və sursat istehsalı ilə bağlı böyük problemlərinin olduğunu vurğulayıb.

"Rusiya müharibəyə hazırlaşmağa başlayıb. Rusiya hazırda ayda 25, Almaniya ildə üç döyüş tankı istehsal edir”, deyə Plişke vurğulayıb.

Hərbçinin çıxışından sonra Hamburq meri bildirib ki, üçüncü mülki müdafiə bölməsi fəliyyətə başlayıb. Bu, Bundesverin döyüş bölməsinə aid olmayan, lakin mühafizə və təhlükəsizlik işlərində iştirak edən könüllülərdir. Hamburq Senatı da öz növbəsində artıq təhlükəyə cavab verib və böhran idarəetməsini gücləndirmək və əhalini qorumaq üçün 40-dan çox əlavə iş yeri yaradıb.

Hamburqda olan söhbətlər bütün ölkədə gedir. Bundesver nəşrə bildirib ki, bütün dövlət komandanlıqlarına bu tapşırığı yerinə yetirmək tapşırılıb.

Nəşrin yazdığına görə, "Almaniya Əməliyyat Planı” hələ təsdiq olunmayıb və logistikaya diqqət yetirəcək "Red Storm Bravo” təlimi ilə tamamlanacaq. "Red Storm Alpha” təliminin birinci mərhələsində mülki qüvvələr və Bundesver kəşfiyyat və təxribat cəhdlərinin qarşısını almaq üçün liman körpülərinin mühafizəsinin həyata keçirilməsini məşq edib. 

Xatırladaq ki, oktyabrın ortalarında Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kahl bildirib ki, Rusiya 2030-cu ilə qədər NATO-ya hücum edə bilər. Onun sözlərinə görə, Kreml Almaniyaya rəqib kimi baxır, çünki Berlin Kiyevin ikinci ən böyük dəstəkçisidir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->