Xəbər lenti

Böyük Avropa şirkətləri - Rusiyada qalan, yoxsa çıxanlar daha çox itirib?
Dünya10:51 07.08.2023

Böyük Avropa şirkətləri - Rusiyada qalan, yoxsa çıxanlar daha çox itirib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropanın ən iri şirkətləri Ukraynaya genişmiqyaslı işğaldan sonra Rusiyadakı fəaliyyətlərindən birbaşa olaraq ən azı 100 milyard avro zərər çəkiblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” 600 Avropa şirkətinin maliyyə hesabatlarının təhlilinə əsaslanaraq yazır.
Nəşrin məlumatına görə, 176 şirkət Rusiya biznesinin satışı, bağlanması və ya azalması nəticəsində aktivlərinin dəyərsizləşməsini, xarici valyutanın mübadiləsi ilə bağlı xərcləri və digər birdəfəlik xərcləri qeydə alıb. Bu məlumatlara müharibənin dolayı makroiqtisadi təsirləri, məsələn, enerji və malların qiymətinin qalxması daxil deyil.
Eyni zamanda, neft-qaz və hərbi-sənaye şirkətləri işğalın əvvəlindən mənfəət əldə ediblər.
"Analitiklərin fikrincə, Moskvanın aprel ayında Rusiyanın qaz idxalçıları olan Fortum və Uniper-ə nəzarəti ələ keçirməsi, ardınca isə keçən ay Danone və Carlsberg-i müsadirə etməsi, qarşıda daha çox problemlərin olduğunu göstərir”, - nəşr yazır.
Kiyev İqtisadiyyat Məktəbinin (KSE) tərtib etdiyi məlumatlara görə, müharibədən əvvəl Rusiyada fəaliyyət göstərən 1871 Avropa şirkətinin 50%-dən çoxu hələ də işğalçı ölkədə fəaliyyətini davam etdirir. Xüsusilə, söhbət İtaliyanın UniCredit, Avstriyanın Raiffeisen, İsveçrənin Nestlé və Britaniyanın Unilever şirkətlərindən gedir.
"Rusiyanı tərk edən şirkət böyük pullar itirsə belə, qalanlar daha çox itirmək riski daşıyır”, - Control Risks strateji konsaltinq şirkətinin tərəfdaşı Nəbi Abdullayev bildirib. "Məlum olub ki, müharibənin əvvəlində nə edəcəyinə qərar verən şirkətlər üçün "itir və qaç” strategiyası ən yaxşı strategiya olub. Nə qədər tez getsən, itkilərin də bir o qədər az olacaq”, - o əlavə edib.
Hansı sənaye sahələri daha çox zərər çəkib?
Neft və qaz sektoru. Təkcə üç şirkət - BP, Shell və TotalEnergies ümumi itkilərin 40,6 milyard avro olduğunu bildirib. Bununla belə, bu itkilər daha yüksək neft və qaz qiymətləri ilə kompensasiya edilib və bu, şirkətlərə 2022-ci ildə təxminən 95 milyard avroluq ümumi mənfəət əldə etməyə kömək edib.
Banklar, sığorta şirkətləri və investisiya şirkətləri də daxil olmaqla maliyyə şirkətləri 17,5 milyard avro dəyərində silinmə və digər xərclər qeydə alıb.
Kommunal xidmətlər (utilities) birbaşa 14,7 milyard avro zərər əldə edib. 
Avtomobil istehsalçıları da daxil olmaqla sənaye şirkətləri 13,6 milyard avro itirib.
Hansı ölkələr daha çox təsirlənib?
Ölkələr baxımından ən çox itki Britaniya şirkətləri olub - 30 milyard avrodan çox.
İkinci və üçüncü yerlərdə hər bir ölkə üçün 20 milyard avrodan çox itki ilə Almaniya və Fransa şirkətləri qərarlaşıb.
İlk onluğa Finlandiya, İtaliya, Avstriya, İrlandiya, Danimarka, Belçika və İsveçrə daxildir.
KSE-nin tədqiqatçısı Anna Vlasyukun sözlərinə görə, Rusiyada hələ də fəaliyyət göstərən qruplar üzərlərinə risk götürürlər. 
"Hələ də orada mövcud olan şirkətlər üçün sadəcə olaraq biznesini silmək daha yaxşı olardı. Mən heç kimin təhlükəsiz olduğunu düşünmürəm, - o bildirib. - Carlsberg-i ələ keçirmək üçün bəhanə nə idi? Bu, doğrudanmı milli təhlükəsizlik məsələsidir? Mən belə düşünmürəm”.
Nizami Bağırov