Böyük Britaniya hökuməti Almaniyaya Ukraynaya TAURUS qanadlı raketlərinin tədarükü ilə bağlı dalana dirənmiş mübahisədən çıxış yolu təklif edib: Almaniya Böyük Britaniyaya "TAURUS” raketlərini ixrac edəcək və bunun müqabilində London Kiyevi "Storm Shadow” qanadlı raketləri ilə təmin edəcək.
Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu barədə "Handelsblatt” qəzeti diplomatlara və hökumət rəsmilərinə istinadən
yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu təklif bir neçə həftə əvvəl irəli sürülüb. Federal Kanslerin ofisi "Handelsblatt”ın məlumatını şərh etməkdən imtina edib.
Almaniya kansleri Olaf Şols Almaniyada hakim koalisiyadan olan bir sıra siyasətçilərin çağırışına baxmayaraq, Kiyevə "TAURUS” raketlərinin verilməsindən imtina edir. Ötən həftə Xristian Demokratik İttifaqı fraksiyası Bundestaq vasitəsilə "TAURUS” raketlərinin Ukraynaya verilməsini tələb edən qətnaməni qəbul edilməsinə nail ola bilməyib.
Almaniya Sosial Demokrat Partiyasının müdafiə məsələləri üzrə eksperti Andreas Şvars "Handelsblatt” ilə söhbətində Britaniyanın təklifini şərh edib: "Əgər bu, Ukraynaya kömək edərsə, bu, şübhəsiz ki, beynəlxalq əməkdaşlıq çərçivəsində bir seçimdir". Eyni zamanda Bundestaqın müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann Londonun təşəbbüsünə soyuq münasibət bildirib: "Bu halda, Bundesver "TAURUS” raketlərini itirəcək, Ukraynada isə bunlar olmayacaq. "Storm Shadow” raketləri "TAURUS”un bərabər səviyyəli əvəzedicisi deyil".
Nizami Bağırov