Böyük Britaniyanın baş naziri Kir Starmer təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün zəruri olduğu halda, Ukraynaya Britaniya qoşunlarını göndərməyə hazır olduqlarını bəyan edib.
Qaynarinfo xəbər verir ki, The Telegraph üçün yazdığı məqalədə o, Parisə səfəri zamanı avropalıları müdafiə xərclərini artırmağa, NATO-da daha böyük rol oynamağa, Ukrayna ordusu üçün silah təminatını zəiflətməməyə və ölkənin danışıqlardan əvvəl mümkün qədər güclü mövqedə olmasını təmin etməyə çağıracağını
bildirib.
Starmer vurğulayıb ki, Böyük Britaniya təhlükəsizlik zəmanətləri üzərində işi sürətləndirməkdə aparıcı rol oynamağa hazırdır. Bu, Ukrayna ordusuna dəstəyi, eləcə də lazım gəldikdə Britaniya qoşunlarının yerində yerləşdirilməyə hazır olmasını və istəyini əhatə edir:
"Mən bunu yüngül düşüncəli şəkildə demirəm. Britaniya hərbçiləri üçün potensial təhlükə ilə bağlı məsuliyyəti dərindən hiss edirəm. Lakin Ukraynanın təhlükəsizliyinin təmin edilməsində hər hansı bir rol oynamaq – qitəmizin və ölkəmizin təhlükəsizliyini təmin etməkdə kömək deməkdir. Bu müharibənin sonu, nə vaxtsa baş verdikdə, sadəcə Putinin yenidən hücuma keçməsi üçün müvəqqəti bir fasilə ola bilməz”.
Eyni zamanda, Britaniya baş naziri vurğulayıb ki, Putini təkrar hücumdan çəkindirə biləcək yeganə qüvvə ABŞ-dır, buna görə də Amerika dəstəyi və təhlükəsizlik zəmanətləri uzunmüddətli sülh üçün zəruridir.
"Yaxın günlərdə prezident Tramp ilə görüşəcəyəm və G7-dəki bütün tərəfdaşlarımızla birlikdə möhkəm bir razılaşmanın təmin olunması üçün çalışacağam”, – deyə o əlavə edib.
Starmer vurğulayıb ki, sülh hər hansı bir qiymətə əldə edilə bilməz və Ukrayna danışıqlar masasında olmalıdır:
"Əks halda, Putin Ukraynanın real bir dövlət olmadığı fikri ilə razılaşacaq”.
Bundan əlavə, baş nazir qeyd edib ki, Əfqanıstandakı vəziyyətin təkrarlanmasına yol vermək olmaz. Orada ABŞ "taliblərlə birbaşa danışıqlar apararaq Əfqanıstan hökumətini məhv etdi”.
O, Ukraynanın NATO-ya yolunun dəstəklənməsinin vacibliyini vurğulayıb və Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılmasına çağırıb. Xüsusilə neft qiymətlərinin məhdudlaşdırılması, "kölgə donanması”na, neft nəhənglərinə və Moskvaya sanksiyalardan yayınmağa kömək edən banklara qarşı tədbirlər görülməsinin vacibliyini bildirib:
"Qarşıdakı həlledici günlər qitəmizin gələcək təhlükəsizliyini müəyyən edəcək. Parisdə deyəcəyim kimi, sülh güc yolu ilə əldə olunur. Amma bunun əksi də doğrudur. Zəiflik müharibəyə aparır”.
Alpər
Şərhlər