Dünya 17:14 24.03.2024

Böyük Çin şirkətləri bazardan niyə çəkildi? (ŞƏRH)

"Çin iqtisadiyyatına qoyulan xarici investisiyaların azalması kreditlərin bahalaşması səbəb olub".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki, Çin iqtisadiyyatına qoyulan xarici investisiyaların azalmasının əsas səbəbi dünyada cərəyan edən proseslərdir:

"Dünyadakı əsas banklar, federal rezerv sistemi uçot dərəcəsini artırıb. Uçot dərəcələri indi maksimum həddədir, son 30 ilin ən yüksək səviyyəsindədir. Uçot dərəcəsi yüksək olanda isə kreditlər artıq. Kreditlərin bahalaşması ilə isə investisiyalar azalır. Bu proses bütün dünyada gedir. Amma Çində özünü daha qabarıq şəkildə büruzə verir".
 


Natiq Cəfərlinin fikrincə, Çin məsələsində onun bir özəlliyi ondan ibarətdir ki, bu ölkədəki tikinti şirkətləri də daxil bir çox iri müəssisələrin müflis olduğunun şahidi olduq:

"İki böyük Çin şirkəti bazardan çəkildi. Bu da investorları qorxutdu".

Qeyd edək ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkəyə xarici investisiya axını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,9% azalaraq 215,1 milyard yuan (təxminən 30 milyard dollar) təşkil edib. 

Rüfət Sultan