Xəbər lenti

Böyük Depressiyadan sonra ilk: Amerikalılar kütləvi şəkildə ABŞ-ı tərk edir
Dünya 13:45 06.07.2026

Böyük Depressiyadan sonra ilk: Amerikalılar kütləvi şəkildə ABŞ-ı tərk edir

ABŞ-da artan yaşayış xərcləri, iqtisadi qeyri-müəyyənlik və siyasi vəziyyət səbəbindən getdikcə daha çox amerikalı xaricdə yeni həyat qurmağa üstünlük verir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Ziare.com" nəşri yazıb.

Məqalədə qeyd olunur ki, amerikalılar arasında xüsusilə Yeni Zelandiya populyar istiqamətə çevrilib. Buna səbəb ölkədə mənzil qiymətlərinin son üç ilin ən aşağı səviyyəsinə enməsi göstərilir.

Nəşrin məlumatına görə, bu vəziyyət Yeni Zelandiyanı xaricə köçməyi planlaşdıran amerikalılar üçün əvvəlki illərlə müqayisədə daha əlçatan edib.

Bununla belə, mənzil bazarındakı ucuzlaşma xarici alıcılar üçün məhdudiyyətlərin tam aradan qalxdığı anlamına gəlmir. Bildirilir ki, ABŞ və digər ölkələrin vətəndaşları yaşayış evi almaq hüququ əldə etmək üçün ən azı 3 milyon ABŞ dolları həcmində investisiya qoymalıdırlar.

Məqalədə vurğulanır ki, amerikalıların ABŞ-ı tərk etməsi Böyük Depressiya dövründən bəri ilk dəfə olaraq rekord səviyyəyə çatıb. Yeni Zelandiya isə ölkədəki sosial və iqtisadi problemlərdən uzaqlaşmaq istəyən amerikalılar üçün əsas istiqamətlərdən birinə çevrilib.

"Brookings Institution"un məlumatına əsasən, 2025-ci ildə ABŞ-da xalis miqrasiya göstəricisi mənfi olub və ölkəni tərk edənlərin sayı gələnlərdən 10 min ilə 295 min nəfər arasında çox olub.

Ekspertlər qeyd edirlər ki, ABŞ-da sonuncu dəfə belə vəziyyət təxminən bir əsr əvvəl – Böyük Depressiya dövründə müşahidə olunmuşdu.

Nəşr yazır ki, immiqrasiya siyasətinin sərtləşdirilməsi, yaşayış xərclərinin yüksək olması, iqtisadi qeyri-müəyyənlik və siyasi sabitsizlik getdikcə daha çox insanı xaricdə həyat qurmağa sövq edir.

Bildirilir ki, Donald Trampın 2024-cü il prezident seçkilərində ikinci dəfə qələbə qazanmasından dərhal sonra "Yeni Zelandiyaya köçmək" ifadəsi "Google" axtarış sistemində ən populyar sorğular sırasına daxil olub.

Hazırda isə ekvatordan cənubda yeni həyata başlamaq arzusu amerikalılar arasında daha da geniş yayılıb. Yeni Zelandiya hökumətinin miqrasiya qaydalarını yumşaltması da xarici investorların marağını artırıb.

Məlumata görə, "Active Investor Plus" adlı "qızıl viza" proqramına müraciətlərin sayı ötən il tələblərin sadələşdirilməsindən sonra bir neçə dəfə artıb. Müraciət edənlərin əksəriyyətini ABŞ vətəndaşları təşkil edir.

Statistikaya əsasən, ötən ilin 1 aprelindən 2026-cı il iyunun 11-dək ABŞ-dan 252 müraciət daxil olub ki, bu da Yeni Zelandiyaya köçmək istəyən ümumilikdə 766 nəfəri əhatə edir.

Yeni qaydalara əsasən, "qızıl viza" sahibi olan və ölkəyə investisiya yatıran şəxslər dəyəri ən azı 3 milyon ABŞ dolları olan yaşayış evi ala bilirlər.

Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı, kənd və ekoloji cəhətdən həssas ərazilərdə yerləşən daşınmaz əmlakın alınması üçün əvvəlki kimi Yeni Zelandiyanın Xarici İnvestisiyalar İdarəsinin əlavə icazəsi tələb olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->