Dünya 18:59 19.11.2022

Bolqarıstanda İstanbul terrorunda şübhəli bilinən 5 nəfər saxlanıldı

Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində törədilən terror aktında əli olmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb. Onlardan üçü Moldova, daha ikisi ərəb əsillidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Bolqarıstan milli televiziyası özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumatı ölkənin Baş Prokurorluğunun mətbuat xidməti təsdiqləyib.

İstintaq hesab edir ki, saxlanılan şəxslər terror aktının təşkilatçılarına rabitə və maddi-texniki dəstək veriblər. Bolqarıstan Baş Prokurorluğunun mətbuat katibi Siyka Milevin sözlərinə görə, 5 şübhəlidən 4-ü 72 saatlıq saxlanılıb və onların həbsi üçün vəsatətlə məhkəməyə müraciət edilib. 

Daha sonra "A Haber” telekanalı mənbələrə istinadən xəbər verib ki, Türkiyədə terror aktında əli olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb. Saxlanılanlar terrorçulara kömək etməkdə və onlara sığınacaq verməkdə şübhəli bilinirlər. Həmçinin, müstəntiqlərin fikrincə, onlardan ikisi hücumda günahkar hesab edilən Suriya vətəndaşı Əhlam əl-Bəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə daxil olmağa köməklik edib.

İstanbulun mərkəzindəki İstiqlal küçəsində terror aktı noyabrın 13-də baş verib. Nəticədə 6 nəfər ölüb, 81 nəfər yaralanıb. 

Türkiyə hakimiyyəti hadisəni terror aktı adlandırıb və buna görə Suriya kürdlərini günahlandırıb. 

Nizami Bağırov