Xəbər lenti

Borrell korrupsiyaya görə sanksiyalar tətbiq etməyi təklif etdi
Dünya17:00 03.05.2023

Borrell korrupsiyaya görə sanksiyalar tətbiq etməyi təklif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyası (AK) Aİ ölkələrində korrupsiyaya qarşı mübarizə tədbirləri kompleksini, eləcə də Aİ diplomatiyasının rəhbəri Xosep Borrel tərəfindən təklif olunan bütün dünyada korrupsiyanın təzahürlərinə qarşı sanksiyaların tətbiqi mexanizmini təqdim edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_23_2516 .
Bildirilir ki, dünyada "ciddi korrupsiya əməlləri” ilə mübarizə Aİ-nin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) çərçivəsində sanksiyaların tətbiqi yolu ilə həyata keçiriləcək. "Biz aydın siqnal göndəririk: Aİ harada baş verməsindən asılı olmayaraq korrupsiya ilə məşğul olanlarla iş birliyinə hazır deyil", - AK-nin mətbuat xidməti Borreldən sitat gətirib.
AK həmçinin Avropa İttifaqı daxilində korrupsiyaya qarşı mübarizə tədbirləri layihəsini dərc edib. Onların arasında, xüsusilə, hüquq-mühafizə orqanlarının, dövlət orqanlarının və digər maraqlı tərəflərin işini birləşdirəcək Aİ şəbəkəsinin yaradılmasıdır. Bu qrup korrupsiya ilə mübarizə üçün praktiki təlimatlar hazırlayacaq, həmçinin Aİ-nin yüksək korrupsiya riski olan ərazilərinin xəritəsini yaradacaq.
Mövcud antikorrupsiya hüquqi bazasını modernləşdirmək üçün Avropa Komissiyası Korrupsiyaya qarşı mübarizə direktivini də təqdim edib. Sənəddə xüsusilə maarifləndirici kampaniyalar vasitəsilə korrupsiyaya qarşı maarifləndirmənin artırılması, Aİ ölkələrində dövlət sektorunun hesabatlılığının təmin edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların yaradılması təklif edilir.
Bundan əlavə, Direktiv rüşvətxorluğa dair bütün cinayət maddələrinin uyğunlaşdırılmasını, o cümlədən mənimsəmə, nüfuz alveri, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinə maneçilik, qanunsuz varlanma ilə bağlı maddələrin korrupsiyaya qarşı mübarizə qanunvericiliyinə daxil edilməsini təklif edir. Sənədə əsasən, korrupsiya cinayətlərinin törədilməsinə görə cəzaların artırılması da təklif edilir.
AK Direktiv vasitəsilə Aİ-yə üzv dövlətləri korrupsiyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının işinə köməklik göstərməyə, onları bunun üçün bütün lazımi vasitələrlə təmin etməyə məcbur etmək istəyir. Aİ ölkələri antikorrupsiya işlərində təqsirləndirilən şəxslərin toxunulmazlığının maneəsiz aradan qaldırılmasını təmin etməli, habelə korrupsiya hüquqpozmalarına görə cəlbetmə müddəti ilə bağlı minimum qaydaları tətbiq etməli olacaqlar.
Aİ daxilində korrupsiyaya qarşı mübarizə üçün təklif olunan tədbirlər toplusu qanunvericilikdə təsbit edilməzdən əvvəl o, Avropa Parlamenti və Aİ Şurası tərəfindən qəbul edilməlidir. Eyni zamanda, korrupsiyaya qarşı CFSP sanksiya rejiminin qəbulu üçün Aİ Şurasının təsdiqi kifayət edəcək.
AK-nin mətbuat xidməti qeyd edib ki, təklif olunan tədbirlər kompleksi Komissiya sədri Ursula fon der Lyanenin 2022-ci il sentyabrın 14-də elan etdiyi öhdəliklərin yerinə yetirilməsi çərçivəsində hazırlanıb. AK-nin istinad etdiyi statistikaya görə, korrupsiya Avropa İttifaqına ildə ən azı 120 milyard avroya başa gəlir. 2022-ci ildə sorğuda iştirak edən Aİ sakinlərinin təxminən 68%-i öz ölkələrində korrupsiyanın geniş yayıldığına inanırdı və Eurobarometer araşdırmasına görə, respondentlərin yalnız 31%-i ölkələrinin korrupsiya ilə uğurla mübarizə apardığını deyib.
Nizami Bağırov