XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Bosniya qəssabı" həbsxanada öldü
Dünya16:51 27.08.2026

"Bosniya qəssabı" həbsxanada öldü

Bosniya və Herseqovina serb qüvvələrinin keçmiş komandanı Ratko Mladiç vəfat edib.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, "Bosniya qəssabı" ləqəbi ilə tanınan Mladiç 85 yaşında Haaqada BMT-nin nəzarətində olan cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Ratko Mladiç 1992–1995-ci illərdə Bosniya və Herseqovinada gedən müharibə zamanı serb ordusuna rəhbərlik edib. O, müharibə illərində törədilən ən ağır cinayətlərin əsas fiqurlarından biri hesab olunurdu.

Mladiç 16 il ərzində gizlənib. Onun yeri 2011-ci il mayın 26-da müəyyənləşdirilib və bundan sonra Haaqaya ekstradisiya olunub.

2017-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Mladiçi soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və müharibə cinayətlərində təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

Onun adı xüsusilə 1995-ci ilin iyulunda Srebrenitsada törədilən soyqırımı ilə bağlıdır. Serb qüvvələrinin iyulun 11-də şəhərə daxil olmasından sonra 8 372 bosniyalı müsəlman mülki şəxs öldürülüb. Qurbanların cəsədləri daha sonra müxtəlif kütləvi məzarlıqlarda basdırılıb.

2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətraf ərazilərdə baş verənləri soyqırımı kimi tanıyıb.