Avroliqanın qrup mərhələsini adlamaqla Azərbaycan futbol tarixində yeni səhifə açan "Qarabağ”ın pley-offda rəqibi "Braqa” olacaq. Təbii, Portuqaliya komandası olduğu üçün "Braqa”nı heç də zəif rəqib adlandırmaq düz deyil. Amma "Qarabağ”ın şanslarını da yüksək dəyərləndirənlər çoxdur. Bəs Yunis Hüseynov nə düşünür?
Mütəxəssis Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Qarabağ”a ilk növbədə uğurlar arzulayıram. Komandanın ikinci yerlə qrupdan çıxacağını mən də proqnozlaşdırmışdım. Həqiqətən də özünü yaxşı tərəfdən göstərdi və azarkeşlərini sevindirdi. "Braqa”ya gəlincə, Portuqaliya komandalarının hamısının topla yaxşı davranan, texniki cəhətdən yüksək səviyyəli futbolçuları çox olur. Bundan əlavə pley-offa çıxıbsa, deməli yaxşı komandadır. Lakin "Qarabağ” kimliyindən asılı olmayaraq, hər rəqibə qarşı möhtəşəm oynayır. Xüsusən də qeyd etmək istərdim ki, güclü rəqiblərə qarşı daha yaxşı çıxış edir. Məncə, "dişinə” görə rəqibdir. Qat-qat güclü deyil. Bu mərhələni keçə bilərlər. Əlbəttə, çətin olacaq. Püşkatmada "Milan”, "Lans” kimi güclü rəqiblər vardı. Ancaq "Braqa” "Qarabağ”ın oynaya biləcəyi rəqiblərdən idi. Bu komandalar arasında favorit yoxdur, şanslar faizlə götürsək, 50-50-yədir. Düzdür, "Braqa”nın büdcəsi daha üstündür. Amma şanslar bərabərdir. Səfərdə deyə bilmərəm, fikrimcə, doğma meydanda”Qarabağ” həddindən artıq möhtəşəm oynayır”.
Səbuhi Həsənov