Braziliyanın Ali Seçki Məhkəməsi cümə axşamı keçmiş prezident Jair Bolsonaronun məhkəməsinə başlayıb. O, potensial seçki saxtakarlığı ilə bağlı yalanlar yaymaqda ittiham olunur. Bolsonaro bu prosesdə həbs cəzası ilə üzləşməsə də ona gələcəkdə seçkilərdə namizəd olmaq qadağısı qoyula bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC
yazır.
Jair Bolsonaro saxta iddialar yayaraq prezident səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır, yəni ötən ilin iyul ayında prezident seçkilərindən əvvəl o, xarici səfirləri toplayıb onlara deyib ki, Braziliyada istifadə olunan elektron səsvermə maşınları hakerlərə qarşı həssasdır və buna görə də onun rəqibləri seçkinin nəticələrində saxtakarlıq edə bilərlər.
Prezident seçkiləri 2022-ci ilin oktyabrında keçirildi və Bolsonaro ikinci turda Braziliya siyasətinin solçu veteranı Luis İnasio "Lula" da Silvaya az fərqlə uduzdu.
Ali Seçki Məhkəməsində baxılan işə cinayət işi deyil, Jair Bolsonaronun həbs təhlükəsi yoxdur, lakin hakimlər kollegiyası 68 yaşlı eks-prezidentin səkkiz il müddətində seçkilərdə iştirakını qadağan etmək hüququna malikdir.
Eyni zamanda, Bolsonaro bir neçə cinayət işi üzrə istintaqa cəlb olunub, həmin proseslər hələ başlamayıb.
Bolsonaro, seçkilərdən və tərəfdarlarının təşkil etdiyi iğtişaşlardan sonra ABŞ-a, Floridaya uçub, lakin sonra vətəninə qayıdıb.
2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olub-olmadığını hələ açıqlamayıb, lakin fəxri sədri olduğu Liberal Partiyasına gələn il keçiriləcək yerli seçkilərdə kömək edəcəyinə söz verib.
İttiham tərəfi Bolsonaronun 18 iyul 2022-ci ildə səfirlər qarşısında çıxışının seçki qanununun pozulması olduğunu iddia edir. Eks-prezidentin özü iddia edir ki, o, xarici diplomatlara yalnız Braziliyada seçki sisteminin necə işlədiyini izah edib.
Sağçı populist Bolsonaro tez-tez Donald Trampla müqayisə edilirdi və Braziliya prezidentinin və onun tərəfdarlarının seçkidə uduzduqdan sonra davranışı da ABŞ-da baş verənlərə bənzəyirdi.
Oktyabrın 30-da ikinci turda Lulaya cəmi 1,8% fərqlə uduzduqdan sonra Bolsonaro məğlubiyyətini açıq etiraf etməkdən imtina etdi - baxmayaraq ki, o, hakimiyyətin ötürülməsi üçün hazırlıqlara başlamağı əmr etdi. İki ay sonra, Lulanın andiçmə mərasiminə az qalmış o, ABŞ-a uçdu.
Bolsonaronun tərəfdarları seçkilərdən dərhal sonra yolları bağladılar və Lulanın andiçmə mərasimindən sonra yanvarın 8-də prezident sarayını, parlamentin və Ali Məhkəmənin binalarını ələ keçirib dağıtdılar.
Polis iğtişaşların 1500 iştirakçısını həbs etdi. İş araşdırılır və hüquq-mühafizə orqanları Bolsonaronu iğtişaşlara təhrik etməkdə şübhəli bilirlər.
Cümə axşamı Ali Seçki Məhkəməsində başlayan məhkəmə prosesini, yeddi hakimdən ibarət kollegiya aparacaq. Məhkəmə kollegiyası sadə səs çoxluğu ilə Bolsonaronun səfirlər qarşısında çıxışı ilə seçicilərə qeyri-qanuni təsir göstərməyə çalışıb-çalışmadığına və bunun üçün yaxın illərdə namizədliyinin qadağan edilib-edilməməsinə qərar verməli olacaq.
Bolsonaronun özü ilk iclasda iştirak etməyib və vəkili bildirib ki, eks-prezident onun xeyrinə olmadığı təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Nizami Bağırov