"Ben Uolles Moskvaya Rusiyaya xəbərdarlıq etmək üçün gəlir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Böyük Britaniya müdafiə naziri Ben Uollesin bu gün Moakvaya baş tutan səfərini dəyərləndirərkən deyib:
"Böyük Britaniya müdafiə nazirindən əvvəl bu ölkənin baş naziri Boris Conson Putinlə Ukrayna mövzusunu müzakirə edib. Bu da o deməkdir ki, Ukrayna ətrafında yaşanan gərginliyin siyasi tərəfini Conson Putinə çatdırıb, hərbi tərəfini isə Ben Uolles çatdıracaq. ABŞ, Fransa, Böyük Britaniya və Almaniyanın hərəkəti ona yönəlib ki, regionda gərginlik səngisin. Bu mənada Britaniya müdafiə nazirinin Rusiyaya səfəri öz ölkəsilə yanaşı, Ukraynanın maraqlarına xidmət edən bir səfərdir”.
Həmsöhbətimiz bildirir ki, bu səfərlərlə Qərb Kremli səhv addım atmaqdan çəkindirməyə çalışır:
"Bu mənada da Rusiyaya hərtərəfli təsir göstərirlər. Ukrayna yetərincə hazırlıqlı vəziyyətə gəlib. Ora hücum Rusiyaya heç də asan başa gəlməyəcək. Ona görə düşünürəm ki, Britaniya müdafiə nazirinin səfəri Rusiyaya xəbərdarlıq səfəridir. Bu xəbərdarlıq da cox ciddi mətləblərdən xəbər verir. Bu müddət ərzində Kremlə Qərb tərəfindən kifayət qədər xəbərdarlıq edilib. Ona görə də nəzəri baxımdan hər şey mümkün olsa da, düşünmürəm ki, Rusiya hansısa bir səhvə yol verərək, hərbi əməliyyatlara başlasın. Praktik baxımdan bu yola getməsi Rusiyanı daha ciddi problemlərlə üz-üzə qoyacaq”.
Rüfət Sultan