Dünya 16:39 24.08.2022

Britaniya Rusiyanın müharibənin altı ayı ərzində əldə etdiyi “nailiyyətləri” açıqladı

Təcavüzkar Rusiya apardığı müharibədə yarım il ərzində qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilmədi və əvəzində işğaldan əvvəlki vəziyyətlə müqayisədə diplomatik, iqtisadi mövqeyini və ordunun vəziyyətini zəiflətdi.

Qaynarinfo "European Pravda” qəzetinə istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının avqustun 24-də müharibənin altı ayının yekunlarına həsr olunmuş Ukraynadakı müharibəyə dair icmalında deyilir.

"2014-cü ildən Putin Rusiya Federasiyasının Ukraynada təsirini artırmaq və gücləndirmək və onun suveren işlərinə qarışmaq üçün güc və məcburi diplomatiya qarışığından istifadə etmək niyyətindədir. Rusiya yarım il əvvəl hökuməti devirmək və ölkənin böyük hissəsini işğal etmək üçün genişmiqyaslı işğala başladı”, - kəşfiyyat xatırladır.

İcmalda qeyd edilir ki, aprel ayında Rusiya rəhbərliyi ilkin planların baş tutmadığını anlamağa başlayıb və diqqətini Ukraynanın şərqində və cənubunda daha təvazökar məqsədlərə yönəldib.

"Donbassdakı hücum minimal irəliləyişlə gedir və Rusiya Ukraynadan kütləvi əks-hücum gözləyir. Rusiya Federasiyası sursat, nəqliyyat və şəxsi heyət çatışmazlığından əziyyət çəkir. Bir çox bölmələrdə əhval-ruhiyyə aşağıdır, ordunun vəziyyəti xeyli pisləşib. Rusiyanın diplomatik təsiri azalıb, uzunmüddətli iqtisadi perspektivlər isə qaranlıqdır. 6 aydan sonra Rusiya Federasiyasının müharibəsi onun üçün baha başa gəlib və strateji ziyan vurub”, - Britaniya kəşfiyyatı yekunlaşdırır.

23 avqustun icmalda rus qoşunlarının Xerson yaxınlığındakı zədələnmiş Antonovski körpüsü yaxınlığında barj keçidi yaratmağa başladığı bildirilib.
 
Alpər