Böyük Britaniya hökuməti özəl olaraq Almaniyanı Ukraynanı uzun mənzilli "Taurus” raketləri ilə təmin etməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” mənbələrə
istinadən yazır.
Agentliyin məlumatına görə, Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri dəfələrlə Almaniyaya Ukraynanın "Taurus” raketlərinə həqiqətən ehtiyacı olduğunu açıqlayıblar. Xüsusən də London mübadilə sazişi təklif etməklə Berlinin raketlərin tədarükünə qarşı müqavimətini aradan qaldırmağın yolunu təklif edib. Bu sazişə əsasən, Böyük Britaniya Kiyevi daha çox "Storm Shadow” raketləri ilə təmin edəcək, Almaniya isə "Taurus” raketləri ilə Britaniyanın ehtiyatlarını əvəzləyəcək.
"Almaniya bəhanələrə son qoymalıdır”, - adının açıqlanmasını istəməyən Britaniya rəsmilərindən biri deyib.
"Bloomberg” həmçinin qeyd edir ki, Almaniya kansleri Olaf Şoltsun britaniyalı və fransız mütəxəssislərin ukraynalılara Rusiya hədəflərinə qarşı uzaqmənzilli silah sistemləri işlətməsinə yardım etməsi ilə bağlı açıqlamaları səbəbindən Böyük Britaniya və Almaniya arasında daha geniş fikir ayrılığı yaranıb.
"Britaniyalıların və fransızların hədəfə nəzarət və onu müşayiət edən hədəf nəzarəti baxımından etdikləri Almaniyada edilə bilməz", - Şolts bildirib.
Bəzi britaniyalı qanunvericilər bu sözləri Şoltsun Ukraynadakı britaniyalı əsgərlərin məxfi fəaliyyətinə ictimai şərhi kimi qiymətləndiriblər.
Fevralın 29-da Şolts bildirib ki, Almaniya "Taurus" uzaqmənzilli raketlərini Ukraynaya verməyə hazır deyil, çünki onlardan Moskvaya hücumlar üçün istifadə edilə bilər.
"500 kilometr mənzilli qanadlı raket elə bir silahdır ki, səhv istifadə olunarsa, Moskvanın hansısa bir yerində konkret hədəfə çata bilər”, - Şolts qeyd edib.
Ukrayna dəfələrlə bildirib ki, Rusiya ərazisinə hücum etmək üçün Qərbin uzaqmənzilli raketlərindən istifadə etməyəcək.
Nizami Bağırov