Xəbər lenti

Britaniya və Fransa Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edir
Dünya 11:50 16.01.2025

Britaniya və Fransa Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edir

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron müharibənin mümkün dayandırılması haqqında razılaşmadan sonra Ukraynaya Böyük Britaniya və Fransa əsgərlərinin sülhməramlı qüvvələr kimi göndərilməsini müzakirə edirlər.  

Qaynarinfo bu barədə "The Telegraph”a idtinadla xəbər verir.  

Nəşrin məlumatına görə, Makron bu ideyanı dəstəkləyir və bu barədə artıq Ukrayna Prezidenti Volodimir Zelenski və Polşa Baş naziri Donald Tusk ilə danışıb.  

"The Telegraph” həmçinin qeyd edir ki, Dauninq-strit və Yelisey sarayının mətbuat katibləri keçən həftə Çekersdə keçirilən görüş zamanı Starmer ilə Makronun bu imkanı müzakirə etdiyini inkar etməyib.  

Lakin danışıqların təfərrüatları London və Paris rəsmiləri tərəfindən məxfi saxlanılır. Bununla belə, Britaniya hökumətində yüksək səviyyəli mənbələr vurğulayırlar ki, Starmer hələ sövdələşməni tam nəzərdən keçirməyib.  

"The Telegraph” mənbələrdən birini sitat gətirir:  

"Bizim dəstəkləyə biləcəyimiz, dəstək vermək istədiyimiz məsələlər və həmin qüvvələrin hansı təhlükələrə məruz qala biləcəyi və bunun eskalasiya olub-olmaması ilə bağlı suallar var”.  

Bu təklif Avropa liderlərinin Ukraynanın suverenliyini dəstəkləmək yollarını müzakirə etdiyi bir vaxtda ortaya çıxıb, çünki ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Kiyevi Rusiya ilə sülh razılaşmasına gəlməyə təşviq edir.  

Böyük Britaniya hökumətinin rəsmi mövqeyi isə ondan ibarətdir ki, Qərb müttəfiqləri Zelenskiyə maksimum dəstək verməlidir və ukraynalılar sülh danışıqlarının nə vaxt və ya keçirilib-keçirilməyəcəyinə özləri qərar verməlidir.  

Ancaq qapalı danışıqlarda nazirlər və rəsmilər Trampın Ukraynanı və Rusiyanı danışıqlar masasına əyləşdirəcəyini güman edirlər və hazırda hadisələrin necə inkişaf edəcəyi ilə bağlı planlar hazırlanır.  

Hazırda Vestminsterdə ictimai müzakirələrlə yanaşı qapalı şəkildə də daha çox müzakirə olunan fikirlərdən biri Qərb qoşunlarının hər hansı sülh şərtlərini təmin edə bilib-bilməyəcəyidir.  

Müzakirələr Rusiya tərəfindən işğal olunan Ukrayna ərazilərinin sülh razılaşması çərçivəsində saxlanıla biləcəyi ideyasını da əhatə edir, lakin bu perspektivlə bağlı bir çox qeyri-müəyyənlik var.  

Əgər bu baş verərsə, Avropa liderləri Ukraynanın qalan ərazilərini gələcəkdə Rusiyanın istənilən hücumundan qorumaq üçün nə edilə biləcəyini nəzərdən keçirirlər.  

Xatırladaq ki, Makron və Starmer Britaniya baş nazirinin bağ evində görüş keçiriblər və Ukrayna onların danışıqlarının mərkəzi mövzusu olub.  

Noyabr ayında Starmerin Parisə səfəri zamanı Makron ilə 20 dəqiqə təkbətək Ukrayna məsələsini müzakirə etdiyi bildirilmişdi.  

2024-cü ilin sonunda Makronun təşəbbüsü ilə Avropa müttəfiqlərinin hərbi kontingentinin Ukraynada yerləşdirilməsi imkanları ilə bağlı danışıqlar aktivləşib.  
Prezident Zelenski bildirib ki, Miladdan öncə Brüsseldə keçirilən görüşlərdə bu ideya müzakirə olunub və bəzi liderlərin artıq müsbət yanaşdığını görür.  
9 yanvar tarixində Almaniyadakı Ramşteyn aviabazasında keçirilən iclasda Zelenski Ukraynada xarici kontingentlərin yerləşdirilməsini Rusiyanı sülhə məcbur etməyin ən yaxşı vasitələrindən biri adlandırıb.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->