Dünya 13:20 01.08.2022

Britaniyada çirkli pullarla mülk alanların işi qəlizləşdi

Bu gündən - 2022-ci il avqustun 1-dən Böyük Britaniyada torpaq sahibi olan xarici təşkilatlar xüsusi reyestrdə qeydiyyatdan keçməli və həqiqi sahibləri haqqında məlumatları açıqlamalıdırlar. Bu olmadan onlar heç bir daşınmaz əmlak əməliyyatı apara bilməyəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Tədbirlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Londona qeyri-qanuni Rusiya pullarının axınının qarşısını almaq üçün qəbul edilmiş iqtisadi cinayətlər haqqında qanunun bir hissəsidir.

"Bizi şübhəli sərvətə malik olan korrupsioner elitalardan azad etmək üçün kimin nəyə sahib olduğunu bilməliyik. Biz pərdəni qaldırırıq və qanunsuz yolla əldə etdikləri sərvətlərini gizlətməyə çalışan cinayətkarları cəzalandırırıq”, - deyə kiçik biznes katibi Martin Kallanan izah edib.

Böyük Britaniyada artıq torpaq sahibi olan xarici qurumlara benefisiarlarını qeydiyyatdan keçirmək üçün altı ay vaxt veriləcək.

Reyestr 1999-cu ilin yanvarından İngiltərə və Uelsdə və 2014-cü ilin dekabrından Şotlandiyada alınmış əmlakı əhatə edəcək.

Qaydaların pozanları gündə 2500 funt-sterlinqə (3043 dollar) qədər cərimə və ya beş il həbs cəzası gözləyir.

Nizami Bağırov