Böyük Britaniyada koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə əhalinin küçələrdə hərəkəti məhdudlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, bunu İngiltərənin Baş naziri Boris Conson xalqa müraciətində açıqlayıb. Nəticədə mağaza və apteklər istisna olmaqla, ölkədə bütün ticarət nöqtələri bağlanıb.
"Bu gün mən İngilis xalqına çox sadə bir göstəriş verirəm: evdə qalmalısınız", - baş nazir deyib.
Onun sözlərinə görə, yalnız dərman almaq və ya işə getmək üçün evdən çıxmaq olar, o da o halda ki, tamamilə zəruri olduqda və ya iş evdən edilə bilmədikdə. Açıq havada idman etmək üçün də evdən çıxmağa icazə verilir. Ölkədə zəruri mal satmayan bütün mağazalar, həmçinin kitabxanalar, məbədlər və idman salonları bağlanır.
Conson əlavə edib ki, cənazə istisna olmaqla, toy, vəftiz və digər mərasimlər də daxil olmaqla bütün qrup tədbirlər dayandırılacaq.
Məhdudlaşdırıcı tədbirlər üç həftə davam edəcək. Müddət məhdudiyyəti uzadıla bilər.
Xatırladaq ki, İngiltərədə koronavirus qurbanlarının sayı 335-i keçib.