Keçən ay Britaniyanın baş naziri Kir Starmer Kiyevə səfər edərək prezident Vladimir Zelenski ilə hərbi, iqtisadi və mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədilə tarixi "Yüzillik tərəfdaşlıq haqqında Saziş" imzalayıb.
Bu saziş çərçivəsində tərəflər Rusiya dövləti ilə bağlı elitaların zərərli təsirini aradan qaldırmaq üçün birlikdə işləməyi öhdələrinə götürüblər. Söhbət həm Böyük Britaniya, həm də Ukrayna üçün real təhlükə yaradan şəxslərdən gedir.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniyanın sanksiyalar vasitəsilə Kremlə təzyiqi necə artırdığı və öz milli təhlükəsizliyini necə gücləndirdiyi barədə ölkənin təhlükəsizlik naziri Den Karvisin köşə yazısında geniş məlumat
verilib. Onun əsas məqamları aşağıdakılardır.
Müəllif vurğulayır ki, Rusiya Britaniya üçün ciddi milli təhlükəsizlik təhdidi, Ukrayna üçün isə mövcudluq məsələsidir.
"Ona görə də biz Kreml rejimini dəstəkləyən elitaların ikili standartlardan istifadə etməsinə icazə verə bilmərik", – deyə Den Carvis izah edir.
Onun sözlərinə görə, Britaniya hökuməti artıq əsas oliqarxlara qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə başlayıb ki, bu da Kremlə təzyiqi artırmaq və onu Ukraynanı qeyri-sabitləşdirən addımlardan çəkindirmək məqsədi daşıyır. Lazım gəldikdə isə qanunvericiliyə müvafiq dəyişikliklər edilir.
"Bu gün isə qürurla deyə bilərəm ki, bu öhdəliyi yerinə yetirmək üçün indiyə qədər görülən addımlardan daha irəli gedirik.
Biz Britaniya Daxili İşlər Nazirliyinin istisna siyasətini genişləndiririk ki, Rusiya dövləti ilə bağlı olan məmurlar Böyük Britaniya üçün milli təhlükəsizlik təhdidi qalana qədər ölkəyə daxil ola bilməsinlər", – deyə Britaniya təhlükəsizlik naziri bildirib.
Bu o deməkdir ki, Britaniya hökuməti Rusiya dövlətinə əhəmiyyətli dəstək verən, xüsusi status və ya sərvət əldə edən, yaxud Rusiya hakimiyyət dairələrinə yüksək səviyyədə çıxışı olan istənilən şəxsin ölkəyə girişinə qadağa qoymaq səlahiyyətinə malik olacaq.
"Bu yeni tədbirlər Britaniyanın milli təhlükəsizliyinə təhdid yarada biləcək elitalara əsaslanır. Hər bir şəxsə fərdi qaydada yanaşılacaq və qərarlar konkret hallara uyğun veriləcək. Bu tədbirlər Kreml Ukraynanın suverenliyinə təhdid törətdiyi müddətcə qüvvədə qalacaq genişləndirilmiş Britaniya sanksiya rejimini tamamlayacaq. Biz bir daha ölkəmizin Kreml rejimi ilə əlaqəli olan və bundan mənfəət götürən şəxslər üçün sığınacaq olmasına imkan verməyəcəyik", – deyə təhlükəsizlik naziri izah edir.
O, Putin tərəfdarlarının Britaniyada xoş qarşılanmadığını vurğulayır. Bununla yanaşı, Britaniyanın Ukrayna xalqı ilə "bu gün, sabah və nə qədər lazımdırsa, o qədər" birgə olacağını bildirir.
Alpər
Şərhlər