Cənubi Qafqaza diqqəti artıran Avropa Parlamentinin Xarici əlaqələr Komitəsinin nümayəndə heyəti gələn həftə Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək. Bu barədə komitənin sədri Devid Makallister bildirib. Onun sözlərinə görə, Gürcüstana səfər çərçivəsində Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında saziş üzrə illik hesabat və Aİ-yə üzvlüyə namizəd statusu məsələləri müzakirə olunacaq.
Bu səfəri Qaynarinfo-ya şərh edən politoloq Tural Rzayev düşünür ki, Aİ nümayəndəsinin bölgəyə səfərində məqsəd Azərbaycanla Ermənistan nümayəndələrilə yerində görüşüb, problemləri yerində aydınlaşdırmaq, bu iki ölkə, həm də Gürcüstanın bir-birilə, habelə region olaraq Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqına inteqrasiya üzərində çalışmaq aparmaqdan ibarətdir. Ekspertin fikrincə, bu məsələlərlə bağlı hər bir ölkə ilə ayrı-ayrılıqda danışıqlar aparılacaq və problemləri yerində müəyyənləşdirib, regional inteqrasiya və sülh prosesi yolunda mövcud olan maneələri müəyyənləşdirəcəklər:
"Avropa İttifaqı bölgəmizlə bağlı pozitiv addımlara başlayıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi və 3 Cənubi Qafqaz ölkəsinin əməkdaşlığı və inteqrasiyası istiqamətində addımlar atılacaq. Bilirsiniz ki, Qarabağla bağlı pozitiv addımlar Brüssel görüşlərində əldə olunub. Ancaq buna qarşı müqavimət də var. Bu müqavimət həm daxildən, həm də xaricdən gəlir. Həmin müqavimət isə ölkələri fərqli davranmağa məcbur edir. Cəbhədəki təxribatlarla, separatçı qurumun rəhbərlərini rəsmi şəxs kimi təqdim etməklə ermənilər ölkəmizə qarşı müxtəlif təxribatlara yol verirlər. Erməni müxalifəti də eyni şəkildə dezinformasiya yayır. Paşinyanın Ermənistanın maraqlarını satdığı və guya Bakı İrəvana qarşı müharibəyə başlayacağı kimi dezinformasiyalar yayılır. Bütün bununla ona rəvac verməyə çalışırlar ki, Paşinyan da əvvəlkilərin səhvini təkrarlayıb, hərbi ritorikaya keçsin. Paşinyan hakimiyyətə gələndə Qarabağ problemini sülhlə həll etməyə çalışacağını bildirmişdi. Azərbaycana müsbət mesajlar göndərmişdi. Amma radikal erməni müxalifəti və Ermənistan hərbi sistemindəki xarici agentlərin təsirilə məcbur olub hərbi ritorikaya keçdi və bu da İrəvanın məğlubiyyətilə nəticələndi. Anoloji addımı eyni şəkildə yenə də atmaq istəyirlər. Paşinyan bu fonda reallığı ya oxuya bilmir, ya da hərbi çevrələrin caynağına keçib. Ona görə də onların ritorikasına uyğun hərbi ritorikanı səsləndirir. Bu isə dəhlizin açılmasını, delimitasiya və demarkasiya, həm də sülh prosesini yubadır”.
Rüfət Sultan
Şərhlər