Xəbər lenti

“Bu layihə dövlətin pulunu havaya səpməkdən başqa bir şey deyil”
Ölkə17:59 11.04.2013

“Bu layihə dövlətin pulunu havaya səpməkdən başqa bir şey deyil”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çoxdandır ki, “ATV İnternational” kanalının “Azad Azərbaycan” (ATV) televiziya kanalından alınaraq SOCAR-a verilməsi ilə bağlı məlumat dolaşırdı. Bu günlərdə bu məlumat rəsmən təsdiqləndi. İki gün öncə “ATV İnternational”ın SOCAR-a satılması ilə bağlı keçirilən tədbirdə ATV-nin prezidenti Vüqar Qaradağlı bunu maliyyə imkansızlığı ilə əlaqələndirib. Telekanalın satışı ilə bağlı təkliflər Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərləndirilib. Bundan sonra ATV İnternational SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək. 

Media mütəxəssisi Zeynal Məmmədli “Yeni Müsavat”a açıqlamasında dedi ki, ilk növbədə yeni televiziyaya xərclənən pullar dövlətin pullarıdır. Onun sözlərinə görə, daha bir detal da bu televiziyanın paylaşdığı və paylaşacağı məlumatların Azərbaycan xalqına heç bir faydasının olmamasıdır: “Bir halda ki, bizim əlimizdə ən müxtəlif saytlar, televiziyalar, başqa vasitələr var, biz ölkənin tanıdılmasını niyə bu qədər məsrəfli yolla etməliyik? Bu vaxta qədər də yenə pullar xərclənib, amma hansı effektli nəticə verib? Bu televiziyanın materialları qaynaq rolu olub, ya yox? Bu və bunun kimi məqamlar qaranlıq qalırsa, sübut olunur ki, bu, Azərbaycanın yox, hökumətin təbliğatı vasitəsinə çevriləcək. Hökumətin hesabına maliyyələşən qəzetlər qalır, AzTV kimi qanundan kənar quruma milyonlarla dollar vəsait ayrılır. Bu vəsaitlərin hesabına yaşayan qəzetlərin, telekanalın xalqa faydası sual doğurur. Bu kontekstdə ATV-nin başqa dillərdə danışan, başqa dillərdə danışmaq hesabına yaradılan kanalına pul ayırmağına dövlətin pulunu havaya üfürmək kimi baxmaq olar”.

Müsahibimizin sözlərinə görə, suallarla dolu mühitdə belə televiziyaya ehtiyac yoxdur. Z.Məmmədli hesab edir ki, həmin kanala ayrılacaq pullarla Azərbaycanın tanıdılması istiqamətində başqa səmərəli işlər görmək olardı. Media eksperti bu işlər sırasında Azərbaycanla bağlı çəkiləcək filmləri misal göstərdi.

Qaynar.info