Dünyada ən çox canlı dilin istifadə olunduğu ölkələrin reytinqində Papua-Yeni Qvineya 843 canlı dillə birinci yerdə qərarlaşıb. Şimali Koreyada isə cəmi iki canlı dil mövcuddur. Dünyada yalnız 20 ölkədə ən azı 100 canlı dildən istifadə edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Antena3.ro yazır.
Reytinq ən azı bir nəfərin ana dili hesab etdiyi canlı dilləri əhatə edir.
Nəşrdə qeyd olunur ki, Papua-Yeni Qvineyadakı 843 canlı dildən – dünyada ən yüksək göstəricidən – Şimali Koreyadakı cəmi iki dilə qədər olan statistika coğrafiyanın, miqrasiyanın, təcridin və tarixin müxtəlif ölkələrdə danışılan dillərə necə təsir etdiyini göstərir.
Ən çox canlı dilə malik ölkələr
Papua–Yeni Qvineyanın əhalisi 12 milyondan az olsa da, ölkə son dərəcə zəngin dil müxtəlifliyi ilə seçilir.
"Mürəkkəb relyef, yüzlərlə ada və bir-birindən təcrid olunmuş icmalar dillərin qorunub saxlanmasına şərait yaradıb. Nəticədə burada danışılan dillərin sayı Hindistandakından təxminən iki dəfə çoxdur, halbuki Papua–Yeni Qvineyanın əhalisi Hindistan əhalisinin 1 faizindən də azdır”, deyə nəşr yazır.
Təxminən 17 min adadan ibarət İndoneziya 709 canlı dillə ikinci yerdədir. Sonrakı pillələrdə Nigeriya, Hindistan və Çin qərarlaşıb.
"Hazırda istifadə olunan 239 canlı dillə ABŞ dünyada səkkizinci yerdədir. Onların əksəriyyəti yerli xalqların dilləridir və bunların bir çoxu əsrlər boyu davam edən köçürülmə və assimilyasiya nəticəsində yox olmaq təhlükəsi ilə üz-üzədir. Artıq təxminən 50 dil tamamilə yox olub”, deyə məqalədə bildirilir.
Qeyd olunur ki, yalnız 20 ölkədə ən azı 100 canlı dildən istifadə olunur. Bu ölkələr birlikdə bəşəriyyətin dil irsinin əhəmiyyətli hissəsini təşkil edir və demək olar ki, bütün məskunlaşmış qitələri əhatə edir.
Niyə bəzi ölkələrdə dillərin sayı azdır?
II Dünya müharibəsindən sonra Koreya yarımadasının bölünməsi nəticəsində Şimali Koreya dünyanın ən təcrid olunmuş cəmiyyətlərindən birinə çevrilib. Hazırda ölkədə cəmi iki canlı dil - koreya dili və Koreya işarə dili mövcuddur. Bu, dünyada ən aşağı göstəricidir.
"Kolonizasiya dövründən sonra ispan dili dominant mövqeyə keçdiyi üçün Kuba və Dominikan Respublikasında canlı dillərin sayı nisbətən azdır. Yerli dillər yox olub, sonradan yaranan Afrika dillərinin təsiri isə əsasən ispan dilinə qarışıb. Hazırda az sayda canlı dili olan bir çox ölkə keçmişdə daha böyük dil müxtəlifliyinə malik idi. Əsrlər boyu davam edən kolonizasiya, assimilyasiya və yerli dillərin tənəzzülü nəticəsində bu gün yalnız az sayda yerli dil qorunub qalıb”, deyə materialda qeyd olunur.
Aydın
Şərhlər