XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu ölkədə böyük neft yatağı aşkarlandı: "Gələcəyin pasportu"
Dünya17:50 19.08.2026

Bu ölkədə böyük neft yatağı aşkarlandı: "Gələcəyin pasportu"

Braziliyada təxminən 10 milyard barel neft ehtiyatına malik olduğu ehtimal edilən böyük yataq aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, “Petrobras” şirkəti Braziliyanın Amapa ştatının sahillərindən təxminən 180 kilometr məsafədə karbohidrogen yataqları aşkar etdiyini açıqlayıb.

Kəşfiyyat işləri ətraf mühitin mühafizəsi tərəfdarlarının və yerli icmaların etirazına səbəb olub. Onlar hökumətin lazımi məsləhətləşmələr aparmadığını bildirərək məhkəməyə müraciət ediblər.

Oktyabr ayında yenidən prezidentliyə namizədliyini irəli sürəcək Braziliya prezidenti Lula da Silva yeni yataqların aşkarlanmasının ölkənin “gələcəyə pasportu” ola biləcəyini deyib. “Bunu deməklə, bir gün artıq (fosil) yanacaqdan istifadə etməyimizə ehtiyac qalmaması üçün apardığım mübarizədən imtina etmirəm”, deyə o bildirib.

Lulanın hökuməti iqlim dəyişikliyinə səbəb olan neft, kömür və qaz kimi fosil yanacaqlardan imtina istiqamətində səyləri dəstəkləyib. Bununla yanaşı, Braziliya neft hasilatına yeni investisiyalar yatırmağa hazırlaşır.

“Ekvatorial kənar” adlandırılan ərazidə zəngin neft və qaz yataqlarının ola biləcəyi ehtimal edilir. İlkin qiymətləndirmələrə görə, burada təxminən 10 milyard barel neft ola bilər. Ehtiyatların potensial dəyəri 3,8 trilyon Braziliya realı, yəni təxminən 720 milyard dollar qiymətləndirilir.

“Biz neft aşkar etmişik. Hələlik onun nə qədər olduğunu bilmirik, lakin orada aşkar etdiklərimizlə bağlı çox nikbinik. Bu nəhəng kəşfiyyat layihəsi bizə regionun real potensialını göstərəcək”, deyə “Petrobras”ın rəhbəri Maqda Şambriar bildirib.

Aydın