"44 günlük müharibədə əldə etdiyimiz möhtəşəm qələbədə Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq rolu danılmazdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Vətən müharibəsində qələbənin əldə olunmasında Prezident İlham Əliyevin rolundan və onun həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışarkən deyib.
"Müharibəyə bir gün və bir il hazırlaşmaqla qələbə qazanmaq olmaz. Bunun üçün illər lazım idi. Lazım idi ki, Azərbaycan Ordusu həm müasir silahlarla silahlandırılsın, eyni zamanda ordunun döyüş qabiliyyəti artırılsın. Bunun üçün təlimlər keçirilməli idi. Təkcə xüsusi təyinatlıların hazırlanması üçün illər və bundan əlavə böyük maliyyə vəsaiti tələb olunur. Qələbəyə gedən yolda böyük və uğurlu addımlar atılıb, ordumuz müasir silahlarla silahlanıb, əsgər və zabitlər müasir silahlardan istifadə etmək qabiliyyətinə yiyələnib. Dövlət ordu quruculuğuna kifayət qədər diqqət və vəsait ayırıb. Bütün bu proseslərdə İlham Əliyev Ali Baş Komandan olaraq əsas rol oynayıb”, deyə partiya sədri əlavə edib.
Sədr hesab edir ki, 44 gün ərzində əldə olunan qələbə, 30 il işğal altında olan torpaqların azad olunması ilə nəticələnən ikinci Qarabağ müharibəsi bir daha onu göstərdi ki, Prezident İlham Əliyev prosesi çox uğurla aparıb:
"44 gün ərzində 30-dan artıq bir neçə dildə xarici informasiya vasitələrinə verdiyi müsahibələrlə, apardığı diplomatik danışıqlarla bir daha göstərdi ki, prosesi lazımi səviyyədə aparmaq qabiliyyətinə malik dövlət başçısıdır. Qələbənin əldə olunmasında prezidentin yüksək hazırlığı ilə yanaşı, Azərbaycan Ordusunun da əsgər və zabit heyətinin peşəkarlığı, eyni zamanda xalqın müharibə dövründə göstərdiyi birlik həlledici oldu. Sosial mövqeyindən, baxışından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri eyni hədəfə vurmağa başladılar. Azərbaycan tarixində olmayacaq səviyyədə birlik nümayiş etdirildi. Bu birlik əslində qələbənin yarısı demək idi”.
Arzuxan Əlizadə deyir ki, Azərbaycan xalqı torpaqların azad olunması yolunda birləşdi və dəmir yumruğa çevrilərək düşməni torpaqlarımızdan qovdu:
"Biz 44 günlük müharibə sayəsində qalib bir xalqa çevrildik. Amma hesab edirəm ki, hələ hədəflərimizə tam çatmamışıq. Hədəflərimiz bu gün rus sülhməramlıların olduğu ərazilər də daxil olmaqla bütün torpaqlarımızda qanunvericiliyimiz və nəzarətimizi bərpa etmək, dövlət sərhədlərmizi tam nəzarətə götürməkdir. Zəngəzur dəhlizi, soydaşlarımızın tarixi torpaqlarımıza qaytması ilə bağlı proseslər də var. Bunun üçün müharibə dönəmində olduğu kimi milli birliyə ehtiyac var. İnanıram ki, bu birlik yenidən nümayiş olunacaq”.
Bahar Rüstəmli