Torpaqları İsveçrəyə, lakin idarəçiliyi Almaniyaya aid olan Büsingen qəsəbəsi görənləri valeh edir. Cənnətin bir parçası kimi təsvir edilən bu balaca qəsəbə iki ölkəni bir-birinə bağlayır.
Qaynarinfo xəbər verir ki, təxminən 7,62 kv. kilometr sahəsi olan qəsəbə İsveçrənin şimal bölgəsində, Ren çayının üzərində yerləşir. İdarəçiliyi Almaniyanın Baden Vürttemberq əyalətindəki Konstanza aiddir. Lakin iqtisadi cəhətdən tamamilə muxtar bir gölgə statusu daşıyır. Qəsəbə sakinləri üçün ikili həyat yaşamaq günlük çətinlikləri və seçim etmək sıxıntısını da özü ilə bərabər gətirir. Bölgədə yaşayanların çoxu İsveçrə qəsəbələrində çalışıb, isveçrə frankı qazansalar da vergiləri Almaniya hökumətinə ödəmək məcburiyyətindədirlər. Uşaqlar ibtidai təhsili məcburi şəkildə alman məktəblərində alırlar. Lisey üçün isə valideynlər istənilən ölkəni seçə bilərlər. Həmçinin burada yaşayanlar fərqli poçt indekslərindən və müxtəlif beynəlxalq telefon kodlarından istifadə edirlər. Dünyanın ən böyük bölgələrində olduğu kimi burada da kimlik böhranının keçmişi var.
Belə ki, 1693-cü ildə Büsingen qəsəbəsi Avstriyanın nəzarəti altında olarkən burada yaşayan bir ailə dini sədaqətlə bağlı cinayətə görə Büsingenin katolik liderini qaçırır. Qaçırılan şəxs İsveçrənin Şafhauzen qəsəbəsinə aparılır və burada həbs olunur. Lakin 6 ay sonra Avstriya Şafhauzen administrasiyasını işğalla təhdid edərək, dini liderin azadlığa buraxılmasına nail olur.
Əsrlər sonra Avstriya İmperatorluğunun bəzi bölgələri Almaniya tərəfindən işğal olunanda Büsingen də yeni ölkəsinin tərkibinə keçir. XX əsrə qədər Almaniyanın idarəçiliyi altında olan qəsəbənin isveçrəli sakinləri 1919-cu ildə referendum keçirilməsini tələb edirlər. Beləliklə əhalinin 96 faizi Almaniyanı tərk edib, İsveçrəyə qatılmaq istədiklərini bildirirlər. Buna baxmayaraq Berlin hökuməti İsveçrənin qəsəbə qarşılığında heç nə təklif etməməsinə görə bu tələbi rədd edir. İkinci Dünya Müharibəsi zamanı belə davam edən anlaşmazlıqlara görə 1967-ci ildə İsveçrə qəsəbəni torpaqlarına qəbul edir. İndi İsveçrədə yaşayış xərcləri Almaniyadan baha olduğu üçün Büsingen sakinləri digər vətəndaşlardan daha çox maaş alırlar. Lakin Almaniyada da vergi yüksək olduğundan onlar isveçrəli qonşularından daha çox vergi ödəyirlər.
Almaniyada təqaüdçülərə vergi endirimi olduğu üçün qəsəbəni əsasən isveçrəli təqaüdçülər seçir. Bu vəziyyətdə gənc əhali İsveçrəyə gedərkən, yaşlı və təqaüdçülər bura üz tutur.
İsveçrənin Bern qəsəbəsində fəaliyyət göstərən Valdheim restoranı da xüsusiyyətinə görə dünyada yeganə restorandır. Belə ki, üstü açıq terasda başdan başa sərhəd xətti var. İsveçrə tərəfində əyləşib yemək yeyə, Almaniya tərəfə keçərək isə içki içə bilərsiniz.
Qəsəbənin cənubundakı Ren vadisi də möhtəşəm görünüşü ilə bura gələnləri valeh edir. Göz oxşayan çay mənzərəsi, tarixi binaları, beynəlxalq sərhəd xətti görmək istəyirsinizsə karantindən sonra üz tutmalı olduğunuz yer məhz İsveçrənin, yaxud Almaniyanın Büsingen qəsəbəsidir. Qəsəbə Sürix hava limanından qatarla 1 saat məsafədə yerləşir.